Saqif Qaratorpaq : - Adamlar

Birini dərd yıxır,kədər öldürür,
Durub sakit-sakit baxır adamlar.
Büdrəsə,kimsənin tutmaz qolundan
Üzü gümüş,içi paxır adamlar.
İşimiz-gücümüz belə oyundu,
Hayana çevirsən elə oyundu...
Hələ oynayırıq,hələ oyundu,
Gündə min oyundan çıxır adamlar...
Bu necə ülgüdü,bu necə biçim?
Yanana su verməz barı bir içim.
Hansını tanıyım,hansını seçim,
Üzünə neçə üz taxır adamlar.
Unudub həyanı,itirib arı,
İndi çoxu danır əhdi,ilqarı.
Elə ki buraxdın könlünə sarı,
Adamı içindən yıxır adamlar.