Adilə Nəzər : - QAZAXSTAN SƏFƏRİNDƏN TƏƏSÜRATLAR

MƏDƏNİYYƏT 16:16 / 30.04.2025 Baxış sayı: 14996

 

2025-ci il aprel ayının 22-28-i arası Qazaxıstan Respublikasının Almatı şəhərində Çukurova Ədəbiyyatçılar Dərnəyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstan Mədəniyyət Nazirliyi və "Muxali” İctimai Fondunun birgə düzənlədiyi X Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalında iştirak etdik.

Festivalda Qazaxıstan nümayəndələri ilə yanaşı Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Şərqi Türküstan (ÇXR), Tacikistan və digər ölkələrdən təmsilçilər vardı.

Festival Muqali Bahadırın (Bu arada Muqali haqqında ilk dəfə bu festivala görə kiçik araşdırma edib, Çingiz Xanın 4 əsas generalından biri və danışmanı (katibi) olduğunu, 52-53 yaş yaşamasına baxmayaraq çox sayda fəthlərə imza atdığını öyrənmiş oldum. Ədəbiyyatla, sənətlə əlaqəsi olmasa da, görünür o qədim türk torpaqlarının tarixi simalarından biri olduğu üçün festivalın bir hissəsi onun adı ilə əlaqələndırılmişdi.) anadan olmasının 855 illiyinə, Qazax dövlətçiliyinin yaranmasının 800 illiyinə; Qazax şairi, yazıçısı, bəstəkarı, folklorşünası ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin anadan olmasının 180 illiyinə həsr olunmuşdu.

Festival günlərində maraqlı rəsm sərgiləri (Azərbaycan və Özbəkistan rəssamları), kitab təqdimatları, çıxışlar, gəzilər oldu. Festivalın sonuncu günü - Qala gecəsində TÜRKSOY-un Baş katibi Sultan Rayev də iştirak etdi, olduqca inamlı, dəyərli fikirlər söylədi və ürəkdən gələn xoş arzularla hamını salamladı.

Arada vaxt etibarilə qısa da olsa kiçik bir qrup Cənubi Uralın aparıcı tədqiqat mərkəzlərindən biri olan müasir klassik Çelyabinsk (tarixi: Çələbi) Dövlət Universitetinin professoru Akılbek Şayaxmetin dəvətilə ocağında qonaq olduq. Əsil duruşu, mədəniyyəti, inanclı yaşamı ilə keçmişinə bağlı olan hocamızın dualarla açılıb, dualarla yığışılan dəstərxanında (özü dediyi kimi) oturduq. Süfrəsinə və ömrünə bərəkət olsun.

Festivalın təşkilatçılarına, xüsusilə, Dərnəyin başqanı Halisə Təkbaşa, Azərbaycan təmsilçisi İlqar Türkoğluna, Qırğızistan təmsilçisi Yoldaşbəy Monoldorova, Qazaxstan təmsilçisi Erjan bəyə, davamlı öz diqqət və qayğısını göstərən, festivalın əsas yükünü çəkən iş adamı Erbol Mirzəyə bir daha təşəkkürümüzü bildiririk.

* Düzü işlərimin çoxluğundan dolayı Festivala qatılmaq fikrim yox idi, getməyə son anda qərar verdim. Əlbəttə ki, hər səfərdə yorğunluq, bəzi çatışmazlıqlar olur və burada da oldu. Amma milli birliyimiz yolunda atılan hər addım üçün hər cür çətinlik xoşdur, qəbuldur.

Bir də hər şeyə rəğmən mümkün qədər çox səyahət etməyin tərəfdarıyam. Heç bir şey səyahət qədər insan zəkasını yaxşılaşdıra, parlaqlaşdıra bilməz. Ən azı bir yeni söz, bir yeni fikir eşidirsən, öyrənirsən. Bəzən tək bir yeni söz insana ayrı dünyaların qapılarını açır. Bir daha əmin olursan ki, hər gün Dünyamıza doğan Günəş hər ölkədə fərqli doğur, fərqli batır... Beləcə insanla kainat arasında yeni bir bağ kəşf edirsən.

Bəzən söhbət əsnasında deyirlər ki, bu festivallar, görüşlər, konfranslar nə işə yarayır-filan... İnsan (cəmiyyət) özü heç vaxt öz ağlının və ya istəyinin hökmü ilə hansısa yola getmir. Yol onu aparır. Xoşbəxtlik gedilən yoldur (yoldadır), yolun sonunda deyil... nəticə təqdiri-İlahi! Ümid və arzu edirik ki, hər şey yaxşı olacaqdır. Yollarımız bizi aydınlığa çıxarsın!

Qazaxstan Festivalından telefonumun yaddaşına köçənlər