Əlizadə Nuridən   İKİ ŞEİR

Ədəbiyyat 08:39 / 14.10.2024 Baxış sayı: 1510

Gizlənib

Ağacın son hıçqırığı,

Ocaq közündə gizlənib.

Dirilər öz paltarında

Ölü bezində gizlənib.

 

Durub gəldim sənə sarı,

Götürmədin sən hasarı.

Ayağımın ağrıları

Ayaq izində gizlənib...

 

Göy üzüdü göyçək üzün,

Ay da çaşdı görcək üzün.

...Bu dünyanın gerçək üzü

Yalan üzündə gizlənib...

 

 

Gedəsən

Göz qurusa, yar gözündən

Yaş götürüb gedəsən.

Dünya şeytan yuvasıdı-

Daş götürüb gedəsən...

 

...Qarı dünya, boş əldəsən?

Bir əldəsən, beş əldəsən?

...Ürəyini boşaldasan-

Boş götürüb gedəsən.

 

İndi çox yaşamaq ayıb-

Bu qarğanı kim qarğayıb?

Adamda baş da qalmayıb

Baş götürüb gedəsən...