Əlizadə Nuri : - Üşüyür

Ədəbiyyat 12:10 / 09.01.2025 Baxış sayı: 363

 

Ağaclar öz yarpağından,

Gül nəfəsindən üşüyür.

Payız çatıb quşlara da-

Dimdiyində dən üşüyür.

 

Gəldi bu qəm boyu bəstə,

Mən qəfəsdə, o ahəstə.

Yaşamaq istəyən xəstə

Öz həvəsindən üşüyür.

 

Azıb qaldım naşı kimi,

Kor adamın daşı kimi.

Adam da çöl quşu kimi

Bir gün səsindən üşüyür...