Balayar Sadiq : - QOCA ŞAİRƏ MƏKTUB
Səsindən bir ev tik,
çıx damına.
Gör mələklər
hansı dildə qələm çalır,
ey qələmi qırılmış...
Daha şairləri
dar ağacından deyil,
kabinetden asırlar,
say,
necə şeir qoyulub kətil kimi
asılacağın günün
ayağı altına...
kabinetdə şeir nə gəzir, zalım,
bir saxta təbəssüm bəsdir,
bir misranın qanını tökməyə...
Ayağın altına yaxşı bax,
Adəmin hönkürtüləri
əzilər birdən.
Həvvanın
qulağının dibində uçan
kəpənək deyil - misradı...
Bunu hardan biləsən,
qoca şair...
heç cavan olmadın ki,
hələ də
arzularin yıxılan yerdəsən...
Burnunda fəxri adın qoxusu,
canında ölüm qorxusu...
Ta nə deyim?
Səni Əzrail qorusun.