ƏLƏSGƏR ƏLİOĞLU : - BƏLKƏ...
Hisslərim ütür səbrimi,
Bu dilim qazır qəbrimi...
Can atıram ağac kimi,
Köküm işləsin dərinə.
Yollar məni yorur necə,
Zəndimi çıxarır heçə...
Fikirlərim vermir beçə,
Dərd yeyirəm bal yerinə.
Hara gəldi yozun məni,
Çətin tutar ovsun məni.
Ayağımdan asın məni.
Bəlkə dünya düz görünə!..
2003