İSMAYIL İMANZADƏ , AYB Mingəçevir bölməsinin sədri : - SƏNİ UNUTMAQMI OLAR...

YAZARLAR 19:33 / 07.01.2025 Baxış sayı: 1657

 

Bu gün hüzün notlu qəfil bir zəng könlümü yenidən pərişan elədi. Yaxın tanışlarımdan biri yazıçı-esseist Eyub Cabbaroğlunun (Rəşidov Eyyub Cabbar oğlunun) haqq dünyasına qovuşduğunu bildirəndə, sanki varımdan yox oldum.

Eyyub müəllim Qəbələ rayonunun Bum kəndində dünyaya göz açmış, orta məktəbi bitirəndən sonra o vaxtkı Neft-Kimya İnstitutunda ali təhsilini tamamlayıb, təyinatla Mingəçevirdə əmək fəaliyyətinə başlamışdı.

Uzun illər boyu partiya, sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə işləmişdi. Hansı sahədə çalışmasından asılı olmayaraq özünü heç vaxt “qara camaat”dan ayrı hesab etməmişdi. Fəallığı, təkilatçılıq bacarığı ilə fərqlənirdi, həssas, yanımlı ürək sahibi idi. Haqsızlığa qarşı susan, tutduğu vəzifəyə rəğmən insanların haqqı tapdananda geriyə çəkilən şəxs deyildi. Yaxşı həmsöhbət olduğu kimi, vəfalı-sədaqətli dost idi...

Taleyin hökmüylə Mingəçevirdə müvəqqəti olaraq yaşadığm ilk illərdə əvvəlcə adını eşitmiş, tanış olandan sonra isə comərdliyinə, ürəyinin böyüklüyünə, şəxsi müsbət keyfiyyətlərinə bələd olmuşdum...

Əslində, bu yaradıcı ziyalıyla mənim aramda ilahi söz körpü rolunu oynamışdı. İyirmi altı il fasiləsiz işlədiyim,-“Səda”-“Mingəçevir” qəzetinə yolu düşəndə müxtəlif mövzularda qələmə aldığı yazıları ilə ürəyimi fəth eləmişdi. İndiki zəmanədə yaltaqlığı “çörək ağacı” hesab edənlərdən fərqli olaraq məddahlığ kişi sənəti hesab etmirdi. Ürəyinin ən dərin qatlarından süzülüb gələn esselərində baş verən neqativ hallara, məmur özbaşınalıqlarına, tutduqları vəzifələrə rəğmən camaata üstən aşağı baxanlara sərt şəkildə sözünü deyirdi....

Belə desəm, sonda,-bir neçə il qabaq elə bu cür üsyankarlığının da güdazına getdi. Adını çəkməklə şərəfləndirmək istəmədiyim mili-mənəvi dəyərlərdən bixəbər olan bir keçmiş səlahiyyət sahibini mətbuatda dərc edilən yazılarıyla ağ yuyub qara sərdiyindən son nəticədə həmin şəxsin və onun qul-beçələrinin rüşvət çirkabına bulaşmış əlləriylə qurub yaratdığı çox önəmli bir təsərrufat sahəsinin rəhbərliyindən azad edildi. Həmin sahədə ortaya nə qoymuşdusa hamısı əllərindən alındı. Bundan sonra səhhətində ağır çatlar üzə çıxdı, davamlı müalicələr nəticə vermədi...

Təbiidir ki dünyaya qədəm qoyan hər kəsin sonda ölümü labüddür. Şükürlər olsun ki Eyyub Cabbaroğlu bu fani dünyamızı izsiz-soraqsız tərk eləmədi. AYB Mingəçevir bölməsinin ədəbi-bədii dərgisində və 2014-2024-cü illər aralığında nəşr edilən almanaxlarında kiçik hekayə, esse və bir sıra şeirlərini yadigar olaraq ailə üzvlərinə və oxuculara əmanət verib getdi!..

Allah sənə qəni-qəni rəhmət eləsin, yazar dostumuz Eyyub Cabbaroğlu! Sən unudulası insan deyilsən. Öğlun Azərə, qızın Sevinc xanıma və sevimli nəvən Cahana,-onların timsalında doğmalarına özümün və yazarlarımızın adından başsağlığı verirəm. Məkanın cənnət, ruhun şad olsun!

 

07.01.2024 (saat 19-40?

+2

Bəyən

Şərh bildir

Paylaş