Əlizadə Nuri : - Ölüb bu dünyadan qisas alasan...
Sönmək çətin olur, nə var yanmağa?
Ümid də tapılmır daldalanmağa.
Bir hava çalasan havalanmağa-
Ya kaman alasan, ya saz alasan.
Sevmək günahdısa, sürgün az eylər,
Demərəm cəzamı bir gün az eylə.
O qıza verməyə bir gül az eylər,
O qıza verməyə bir yaz alasan.
Hesab bilməyənlər hesab verəndi,
Bu kimin başıdı?- qəssab verəndi...
Dünya ki bu qədər əzab verəndi-
Ölüb bu dünyadan qisas alasan...