Əlizadə Nuri : - Dünən sənin qılıncında gümüşdüm...

Dünən sənin gözlərində yaş idim-
Bu gün sənin yanağından düşürəm.
Yer üzünün kitabında söz oldum,
İndi onun varağından düşürəm...
Yox özgəsi... bu həyatla görüşdüm,
Gülüm, gülən gözlərində gülüşdüm.
Dünən sənin qılıncında gümüşdüm,
Bu gün sənin yarağından düşürəm.
Sükut dindi... gərək yoxdu kəlməyə,
Qorxuram ki, bu yol gedə, gəlməyə.
...Baxışların qoymur məni ölməyə-
Gözlərinin qırağından düşürəm...
Tanrı bilir- kimin işi kimlədi,
Göy üzünə hardan baxsan - qiblədi...
Pərvanəyəm, mənim işim qəmlədi-
Bu gecənin çırağından düşürəm.
Demişdin ki, and içmisən- aç andı...
Ölüm qovan, bu ömür də qaçandı.
Bu dünyayla sevgiliydik haçandı-
Daha onun talağından düşürəm...