SÜLEYMAN ABDULLA.: - AY DOST

Ədəbiyyat 08:56 / 20.06.2025 Baxış sayı: 2180

 

Qaldı qara günə bir qaraçuxa,

İsrafilin suru çalındı, ay dost.

Baxıb ağlayanın ürəyi yuxa,

Gülənin dərisi qalındı, ay dost.

 

Heç nə fani deyil Adəm oğlu tək,

Bir gün həzz alanda beş gün ağrı çək.

Nə cəsur ürək gəz, nə qaçaq kürək,

Qızıl güllə yeri alındı, ay dost.

 

Kimin boynundadır dəyirman daşı,

Biz çəkən ağrını nə bilsin naşı.

Adam var ayağı, adam var başı,

Adam var varlığı yalındı, ay dost.

 

Bilməz sevgi nədir amalı cırlar,

Daş yox, yolumuza qaya dığırlar.

Ömürdən keçməyən kövrək cığırlar,

Qəbrimiz üstündən salındı, ay dost.