Aləmzər Sadiqqızı : - Üstündən nə qədər gör illər keçib...

Bu gün babalar günüymüş...
Bir az yaxındayam, bir az uzaqda...
Məzarın uzaqdan çağırır məni.
Könlüm yollarında,gözüm qapıda,
Hələ də xəyalım gözləyir səni.
Bir az da qorxuram sənə gəlməyə,
Məzarın yaramı təzdən qanadır.
Bir vaxt hazır idim səndə ölməyə...
İndi bəhanələr məni yaşadır.
Üstündən nə qədər gör illər keçib,
Hələ də bu gün tək anıram səni...
Hər gün gözlərimin yaşını içib,
Hər gün gələcəksən sanıram,səni.
Bu gün babaların günüymüş demə...
Ondanmı yağışlar yağır ellərə?
Ruhunmu ələnir göylərdən yerə,
Ruhunmu içimdən yağır çöllərə?
Bu gün ürəyimin ucu göynəyir,
Səndə isindiyim ocağın üçün.
Bu gün məzarına gələcəm atam,
Yaman darıxmışam qucağın üçün!
19.6.2016.