Sevinc Qərib : - QADIN

Ədəbiyyat 09:09 / 20.06.2025 Baxış sayı: 2178

 

Tök daşı ətəyindən,

Barış yönsüz qismətlə.

Bəxt adlı itiyindən

Üz əlini, üz, qadın!

 

Gözündə yaş ağrıyır,

Salamı kəs buludla.

Fələk elə qarğıyıb,

Odun tutmaz köz, qadın!

 

Pəncərən ulduz görməz,

Gecən qara eynəkli.

O əl saçını hörməz,

Gözləməkdən bez, qadın!

 

Yollarını daş kəsər,

Qan yuyar ayağını.

Sevincindən yox əsər,

Qəm-kədəri yüz qadın.

 

Ürəyin dəlmə-deşik,

Ağrı damır yerindən.

Susur orda bir beşik,

Dilin dolu söz qadın.

 

"Ol" deyənin qəsdi nə,

Niyə çağırdı səni?

Sən boğuldun tüstünə,

Anan dedi döz, qadın.