Arzu Əsəd : - Siyasət dünya işidir.

YAZARLAR, Gündəm 12:01 / 17.06.2025 Baxış sayı: 1524

 

Fars-molla rejimi 40 milyon azərbaycanlını yarım əsrdir təhsilsiz, dövlətsiz, mədəniyyətsiz, texniki tərəqqisiz qoyub, nəhayət, bu xalqı tədbirsiz, silahsız, müdafiəsiz ölümün, qanın, qadanın, bombaların caynağına atdı. Bir millətə daha nə pislik etmək olardı ki, o rejimin ölkəmizdəki küt, cahil, beyni minillik keçmişin rəvayətlərindən yuyulan müdafiəçiləri narkozdan, hipnozdan, yuxudan ayılsınlar, böyük bir yalanın qurbanı olduqlarını başa düşsünlər.

Yox, onlar o dünyada əzablarının böyük olduğunu bilib, çox ağrı-acı hiss etməsinlər deyə axirətə də yuxulu, hipnozlu,narkozlu getmək istəyirlər. İndi də məzhəbçilər millətçilərin üstünə hücum çəkirlər. Millətçilik belə pis şeydirsə, niyə bu 40 ildə Azərbaycan xalqı ölüm-dirim savaşı verəndə o fars faşizminin nümayəndələrinə bircə dəfə demirdiniz ki, soy-kökləri bir olan uşaq qatili erməni daşnaklarına himayəçilik etməsinlər. Deməyibsiniz, indi də demirsiniz, deməyəcəksiniz də.

Hələ müdafiə etdiyiniz rejim o tayda 40 milyon azərbaycanlını ölümün qarşısına atıb, siz isə bu tayda yenə də saman altından su yeridir, üstüörtülü şəkildə o rejimin təbliğatını aparırsınız. Barı heç olmasa, abrınıza bükülün, indi susun. Yoxsa susmaq da sizin əlinizdə deyil? Gələn təlimatları hokmən yerinə yetirməlisiniz? Sadəcə təbliğatınızın xarakteri dəyişir? Bir məzhəbbaz tarixçi dostum şəxsən mənə status ünvanlayıb ki, bax, İsrail filan müqəddəs məkanı bombaladı, indi nə deyirsən? Bunu məndən niyə soruşursan, qırışmal?

50 ildir hakimiyyəti qəsb etmiş fars-molla rejiminin idarəçilərindən soruş ki, o nəzir qutusuna, gəlir mənbəyinə çevirdiyiniz müqəddəs məkanlardan gələn gəlirləri niyə yaxın və orta şərqin ölkələrinə proksi qüvvələr, terror qrupları hazırlamağa sərf edirdiniz, niyə o vəsaitə havadan müdafiə qurğuları almırdınız ki, indi əhalini də, o müqəddəs məkanları da qoruyasınız? Bir dostumuz da yazır ki, millətçiliyi axirətdə qınayacaqlar, bəs mən axirətimi qazanmaq istəyirəm.

Dostum, sən dinçisən, dindarsan, sən öz axirətini düşünürsən, düşün. Siyasət dünya işidir. O ağlın yiyəsisən, qarışma da siyasi söhbətlərə. O xain təbliğatını heç olmasa bu günlərdə saxla da. Sən 40 milyonluq bir milləti həbs elə, bu dünyasını əlindən al, indi də ölümün qabağına at, sonra da arsız-arsız de ki, milləti düşünməyin, millətçilik günahdır, mən axirətimi düşünürəm?

Bu ağıl və vicdanla, bu məkrlə, bu hiylə və riyakarlıqla hələ də axirətinin nə olacağı sənə bəlli deyil?