İdris Babayev : - BİL...

Bəxti yazan belə yazıb əzəldən,
Günahkar sən, nə də mənəm deyəsən.
Bu ayrılıq Şeytan işi deyildir,
Alnımıza Tanrı yazıb, biləsən.
Həyat hələ davam edir, bitməyib,
Barışmağa zaman yetər, vaxt yetər.
Köhnəlməyib sevgimizin gülləri,
Sən istəsən bir gecədə çiçəklər.
Yaxşılığı unutmağa nə var ki,
Pislikləri unutmağa tap hünər.
Kim nə deyir, qoy danışsın, eşitmə,
Yol uzunu karvan keçər, it hürər.
Unutmuşam bütün olub keçəni,
Tək darıxmaq çıxmır mənim başımdan.
Tükənibdir səbrim tamam, qayıt gəl,
Utanmasın darıxmaq ta yaşımdan.
Qoyun da var, quzu da var, qoç da var,
Qurban deyib mən kəsmərəm heyvanı.
Bir yamaqlı ürəyim var, qoy olsun,
O da sənin gəlişinin qurbanı.
Mən İdrisəm, ağasıyam sözümün,
Nə yanlışım, nə yalanım yoxdu, bil.
Sevməmişəm səndən başqa heç kəsi,
Qarnım acdı, gözüm, könlüm toxdu, bil.
20.06.2025.