Islam Türkay : - KEÇİB

Sən əlli yaşında hələ uşaqsan,
Çoxdan ömrün-günün yarıdan keçib.
Hər beşdən üçüylə qanlı bıçaqsan
Səninki adamlıq sarıdan keçib...
Bir yastı xanım var bilir nər səni,
Çoxu yola verir birtəhər səni,
Qapıdan girmirsən--görərlər səni
Çapıb talayırsan barıdan keçib...
Sən törpü dəyməmiş dişli həvəsən,
Büllur ruhumuza düşən güvəsən,
Özün öz gözündə filsən, dəvəsən,
Ayıl , xırdalığın darıdan keçib!..
Bircə himə bənddir hirsin, acığın,
Qorxun yox ilandan sözün açığı.
Zəhər tuluğusan, kin dağarcığı,
Zəhərin əqrəbdən marıdan keçib!..
Daha qalan qalıb , ölən ağlanıb,
Taleyin yazısı getməz, dağlanıb...
Daha olan olub, qapı bağlanıb,
Səninki qapıdan, qarıdan keçib!...