Saqif Qaratorpaq : - Mən dünəndən gəlirəm,yolum yaman uzaqdı

Ədəbiyyat 11:12 / 20.06.2025 Baxış sayı: 2545

Mən dünəndən gəlirəm,yolum yaman uzaqdı,

Bir ömür xərcləmişəm solmayan bir söz üçün.

Ağrıları gül açan bir xaraba şəhərəm,

Öz külümdə ölərəm,əl açmaram köz üçün.

 

Öz barımdan çatmadı özümə bircə dənə,

Insaf elə,gəl qırma barı budaqlarımı.

Axtarıb xəzəl altdan ətirli bir misra tap,

Isladıb göz yaşımda sarı budaqlarımı.

 

Yaman olur,bilirəm,hər gedişin əzabı,

Qorxmaz tərk edilməyin açısını dadanlar.

Qapını açıq qoyub,gözlərimi yummuşam,

Rahatca çıxıb getsin,getməyə utananlar...

 

Yoxdu güley-güzarım,nə də bir umu-küsü...

Əlimi uzatmaram heç vaxt saman çöpünə.

Qətrə-qətrə əriyib şam kimi tükənərəm,

Ancaq darı sərmərəm bir kimsənin ipinə.

 

Qışqırıb öz səssində gör nə qədər batan var,

Göz yaşları axıtmaz dəniz boğulanlara.

Bircə qığılcım yetər təzədən alışmağa,

Ölüm yox əzabından bir də doğulanlara.