Ayaz Arabaçı : - İçimizdəki Ağrı

(Əvvəlcə istədim bütün bunları şeirlə yazım,sonra fikrimdən daşındım,qoy bu dəfə də belə olsun..)
Cənubi Azərbaycan bizim illərlə qanayan yaramızdır.
Bir xəritədə sərhəd kimi çəkilən, amma ürəyimizdə çat kimi açılan yaramız!
Biz danışanda oradakı susqunluq qulağımızda səssiz fəryad kimi səslənir. Onlar adlarını qorumaq üçün susur, biz onların səsini eşitmək üçün danışırıq. Aramızda farsca yazılmış dərs kitabları, mollaların qaranlıq fətvaları və türk dilində qadağan olunmuş ana laylaları var.
Bu bizim təkcə coğrafi ayrılığımız deyil, həm də ruhi ikiləşməmizdir.
Birimiz dilimizin rəngarəng gözəlliklərində şeir yazırıq, birimiz dilimizin dadını unutmayaq deyə susuruq.
Cənubi Azərbaycan Arazdan o yana zillənən gözümüz, unutdurulmağa çalışılan dilimiz, kitabsız böyüyən uşağımız və ikiyə bölünən ruhumuzdur.
O, elə bizik. Tikə-parça olmuş Biz..
Cənubumuz yarımçıq qalmış kimliyimizin, tamamlanmamış tariximizin və susdurulmuş həqiqətlərimizin güzgüsüdür. Biz onu itirmişik, amma heç vaxt unutmamışıq. O, bizim sükutla yüklənmiş tərəfimizdir, içimizdə donub qalıb.
Cənub ağrılarımızın içində təkcə siyasi deyil, ruhi bir əsarət də var- xurafatın əsarəti.
Yurdumuzun o tayı yalnız dil və kimlik baxımından deyil, həm də ağıl və düşüncə baxımından zəncirlənib. Din adıyla gələn qorxu, itaət, susqunluq rejimi cəmiyyətin düşüncəsini kölgələyib. Xalq zehinlərdə inşa olunan qaranlıq divarlarla geriyə çəkilib.
Həm də elə çəkilib ki,o qaranlıq zehniyyət illərlə bu tərəfə də sıçraya bilib..
O divarlar uçurulmalıdır,başqa yol yoxdur.
Əgər Cənubi Azərbaycan bataqlıqdan çıxsa, insanlar göydən möcüzə gözləməz, öz ayaqları ilə yerdə dayanmağı öyrənərlər.
Uşaqlar azad-şən, kölə təfəkküründən,yalançı ehkamların vahiməsindən uzaq şəkildə böyüyərlər.Qızlar səssizcə ərə verilməz, öz həyat yollarını seçmə haqqına sahib olarlar. İman qorxudan yox, sevgidən doğular. Dinə inam qandal yox, ruhun təskinliyi olar. Və nəhayət "kimlik" yuxudan oyanar.
Xurafatın buludları çəkiləndə, milli yaddaş günəş kimi görünər.
Və...
Cənubi Azərbaycan xurafat bataqlığından çıxsa nə baş verər:
Cənubi Azərbaycan – İranda yaşayan milyonlarla Azərbaycan türkü üçün kimlik və mübarizə məkanıdır. İllərdi ki bu torpaqlarda sadəcə siyasi və mədəni basqılar deyil, eyni zamanda xurafat, cahillik və mənəvi təcrid kimi dərin köklü sosial problemlər də hökm sürməkdədir. Xurafat bataqlığına saplanmış cəmiyyətlər öz potensialını reallaşdıra bilmir. Bəs əgər Cənubi Azərbaycan bu bataqlıqdan çıxa bilsə, nə baş verər?
Xurafat – elmi təfəkkürün yerini inamsız miflərə, boş batil inanclara və dinin təhrif olunmuş formalarına verdiyi bir haldır. Cənubi Azərbaycanda bu fenomenin güclənməsi elmi düşüncənin, tənqidi baxışın və təhsilin önünü kəsmişdir.
Əgər bu bataqlıqdan çıxılsa:
Məktəblər və universitetlərdə azad düşüncə və araşdırma ruhu güclənər,
İnsanlar hadisələri müəyyən din xadimlərinin yozumu ilə deyil, rasionallıqla izah etməyə başlayar,
Qadın hüquqları, uşaq hüquqları və fərdi azadlıqlar daha sağlam şəkildə müdafiə edilər ki, bu da dini manipulyasiyaların sonunu gətirər...
Xurafatın ən təhlükəli cəhətlərindən biri onun müəyyən zümrələr tərəfindən alətə çevrilməsidir. Özəl dini liderlər və rejimə bağlı molla təbəqəsi, cəmiyyəti idarə etmək üçün xurafatı vasitəyə çevirib.
Əgər bu qəlib qırılsa insanlar din və siyasət arasında sərhədi daha dəqiq çəkər,
Vicdan azadlığı və fərdi inanclar daha şəffaf şəkildə yaşanar,
Cəmiyyətin ruhanilər tərəfindən deyil, təhsil görmüş, məsuliyyətli ziyalılar tərəfindən yönləndirilməsi təmin olunar.
Xurafat bataqlığında yaşayan bir toplumun milli kimliyi bulanıqdı.Molla ideologiyası təkcə dini deyil, fars şovinizminin bir parçası olaraq istifadə olunur. Türklük, milli yaddaş və dil bu xurafatla təcrid edilir.
Bu bataqlıqdan çıxılsa:
İnsanlarda azərbaycanlı kimliyinə və türk dilinə bağlılıq güclənər,
Milli ədəbiyyat, tarix və folklor bərpa edilər və gənc nəsillərə ötürülər,
Cəmiyyətin etnik və mədəni oyanışı sürətlənər, milli birlik möhkəmlənər.
Xurafat rejiminin ən çox əzdiyi təbəqə qadınlardır. Onlar öz bədənləri, həyatları və seçmək azadlıqları üzərində hökm sahibi deyillər. Hicab, “namus”, itaətkarlıq kimi anlayışlarla qadın həyatının bütün aspektləri dini rituallara bağlanır.
Əgər bu təzyiqlərdən azad olunsa:
Qadınlar öz intellektual və yaradıcı güclərini ortaya qoya bilər,
Təhsil və iş imkanlarında gender bərabərliyi yaranar,
Cəmiyyət daha bütöv, daha sağlam,daha mübariz olar..
Xurafatla dərinləşən cəhalət, eyni zamanda avtoritar rejimlərin əsas silahıdır. İnsanları passivləşdirən, “qismət”, “səbir”, “itaət” kimi anlayışlarla idarə edən sistemlər demokratiyanı əvəz edir.
Cənubi Azərbaycanın xurafat bataqlığından çıxması, sadəcə bir mədəni dəyişiklik yox, bir milli dirçəliş, intellektual inqilab və ictimai azadlıq hərəkatı olacaq.Və yüz illərdir boğulmuş bir toplum azad nəfəs alacaq öz səsini və sözünü tapacaq.