Əlisəfa Azayev : - Ağsu dolayları!..

MƏDƏNİYYƏT 08:09 / 10.09.2024 Baxış sayı: 2223

İllər keçib, Ağsu dolayları da daha əvvəlki kimi deyil... Bir qədər geniş, yaraşıqlı, qəlbəyatımlı olublar. Altmışıncı illərin sonları, yetmişinci illərin əvvəlləri Şamaxı Pedaqoji Məktəbində oxuyanda bu yolla çox gedib-gələrdi. Bizə doğma bir məkan, gözəl, yaraşıqlı yol... Hər mənzərəsinə baxdıqca sanki ruhun dincəlir bir daha dillənmək, səslənmək istəyirsən: "İlahi, yaratdıqlarına şükür! Sən nə qədər adil, böyüksən! Hər şeyi insanlar – bizlər üçün gözəl, yaraşıqlı yaratmısan!

Bu dolaylarda bir dəfə çox xoşagəlməz, qorxulu mənzərə ilə qarşılaşdı... Daha doğrusu, Şamaxıdan gələn, onun da sərnişini olan "QAZ-53" yük maşını sürücü əhli-kefcəsinə ara yollarla sürətlə üzüaşağı sürməkdə idi. Guya ki, kişinin oğlu yolu qısaltmaq istəyir... Bizdən ona papiros – siqaret uzadaraq dedi:

- Əlimi roldan çəkə bilmirəm, al bunu yandır.

- Verin...

- ...

- Bu dəqiqə...

Ancaq tez-tələsik nə qədər kibriti yandırıb papiros tərəfə tuturdusa, onu yandıra bilmirdi. Birdən sürücü ona tərəf baxanda, bu xoşagəlməz mənzərəni görüb soruşdu:

- Sən nə edirsən, ə?!.

- Siqaret yandırıram...

O, papiros çəkən olmadığı üçün, hətta onu ağzına alıb yandırmaq da istəmirdi... İy-qoxusundan xoşu gəlmirdi, tüstüsündən iyrənirdi... Sürücü bir daha narazı halda səsləndi:

- Allah kəssin sənin yandırdığın siqareti!.. Onu mənə ver!..

Nə etsin, özü ilə bacara bilmirdi də. Dilxor halda siqareti sürücüyə verdi.

Bir dəfə də yenə Şamaxıdan gəlirdi. Göyçay tərəfə gedən magistral yolda maşından düşdü. O qədər fikirli olmuşdu ki... Bir də gördü ki, içində boş qablar, bir də ilkin yaradıcılıq nümunələrinin – hekayələrinin yığıldığı qovluq gəldiyi maşında qalıb. Qeyri-iradi səsləndi:

- Aman Allah!..

- ...

- Bir işə bax!..

- ...

- İndi mən nə edim?..

Yaxınlıqda "QAZ-21" maşınını yuyan yaşlı sürücü onun həyəcanlı səsini eşidib soruşdu:

- Nolub ki, oğul?

Kövrək bir səslə dilləndi:

- Sumkamı unutmuşam... Maşında getdi...

Bəli, həyatda xeyirxah insanlar var. O, dərhal işinə ara verərək dedi:

- Əyləş...

- ...

- Bu dəqiqə onu yaxalayar... Çatarıq...

Ah, ilahi, elə bil ki, sürücü qəsdən sürəti artırmışdı. Hətta "QAZ-21"in sürücüsü gileyləndi:

- Bu axı niyə belə edir?..

- ...

- Dəlidi bu...

- ...

- Ay insan, yavaş da...

Nəhayət ki, onu Xəlilli kəndi tərəfdə yaxaladılar. Sürücü vaysındı:

- Bir işə bax da...

- Hə... Bu uşağın sumkası maşında qalıb.

- Heç fikir verməmişəm... Götürün...

Beləcə ondan sağollaşaraq ayrılıb, geri qayıtdılar. O vaxtdan bəri hər dəfə Ağsuya yolu düşəndə, sanki həmin xeyirxah sürücünü axtarmaq, görmək istəyir ki, ona bu xeyirxah hərəkəti üçün bir daha "çox sağ olun!" desin, minnətdarlıq eləsin.

Sözsüz, həmin adam bilmir ki, bir vaxtlar xeyirxahlıq etdiyi insan uzun müddət sovet, ədliyyə sahəsində işləyib, Dövlət notariusu, hakim əvəzi olub... Yaradıcı bir adam kimi qırxdan artıq kitabları çap olunub, artıq təqaüddədir...

Ağsuya hər gələndə hökmən Mərkəzi kitabxanaya baş çəkərdi. Ulu Öndərimiz Heydər Əliyev demişkən: "Kitabxana cəmiyyət üçün mənəviyyat, bilik, zəka mənbəyidir". Bura onun üçün müqəddəs bir yer idi. Regional Mədəniyyət idarəsinin nümayəndəsi Cavanşir müəllimlə də görüşər, söhbətləşərdilər. Hiss olurdu ki, mənəvi cəhətdən zəngin, hazırlıqlı bir mədəniyyət işçisi, ziyalıdır. Uzun müddət idi ki, bu sahədə çalışır, əmək fəaliyyətindədir. Onunla təşkil olunacaq görüş isə nədənsə ləngiyirdi. Qulaqlarında isə o üzlü-bu üzlü fəxrimiz olan mərhum Aşıq Şakir Hacıyevin ölməz misraları səslənərdi:

Adım Aşıq Şakirdir, mahalım Şirvan,

Yazıb-yaratmışam çox şeir, dastan.

Sözlərim ellərə qalsın ərmağan,

Ölmərəm, inanın, min il yaşaram!

Aşıq Şakirin həyat yoldaşı Aşa xala dost doğma ata nənəmin bacısı idi. Bu səbəbdən Aşıq Şakir kəndlərinə xeyir işlərə, çal-çağıra gələndə onlara da gəlmiş, onu yaxından görüb ünsiyyətdə olmuşdu. Bir sözlə, Aşıq Şakiri, bu böyük sənətkarı xatırlayanda həmişə məşhur amerikalı yazıçı Cek London, onun taleyi yadına düşürdü. Bir vaxtlar sovet təbliğatı ilə o, o qədər məşhurlaşır ki, az qala Amerika və Kanada sərhəddindəki şəxsi evi böyük qalmaqala, münaqişəyə çevrilsin. Hər iki tərəf onu özününkü hesab edirdi. Odur ki bu gərginlikdən bu yolla qurtulurlar... Sərhəd xəttindəki mülk tam yarı bölünərək hər iki tərəfdən muzey kimi fəaliyyətə başlayır.

Ağsu rayonunda olarkən buradakı Heydər Əliyev Mərkəzində oldu. Ulu Öndərimizin adını daşıyan bu müqəddəs məkanda hər şey ürək oxşayır, könül açırdı. Xüsusilə kiçik yaşlı uşaqların, məktəblilərin əl işləri, şəkil nümunələri... Mərkəzin direktoru Reyhanə Tacizadə olduqca fəal, işgüzar bir xanım təsiri bağışladı ona... Kaş qadınlarımızın xeyli hissəsi beləcə öz işinə can yandıran, Vətən, xalq yolunda nə isə etməyə səy göstərmək istəyənlərdən olaydılar.

Reyhanə xanım onu Mərkəzlə tanış edəndən sonra, "Ulu Öndərin Ağsu səfəri" kitabını ona hədiyyə etdi. O da onları əmin etdi ki, yaxın günlərdə kitablarından xeyli sayda mərkəzə hədiyyə edəcəkdi. Üstəlik də nəzərə alsınlar ki, Ulu Öndərimiz Heydər Əliyev haqqında keçən il – 2023-cü ildə çap olunmuş "Qarlı zirvə" romanı bəyənilib, haqqında Milli Elmlər Akademiyasının yüksək kürsüsündən onun prezidenti, akademik İsa Həbibbəyli məruzəsində bu sözləri demişdir: "İl ərzində görkəmli dövlət xadimi Heydər Əliyev haqqında dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər də meydana çıxmışdır. Əlisəfa Azayevin "Qarlı zirvə" romanında Ulu Öndər Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli ömür yolu aydın və obyektiv yazıçı baxışı vasitəsilə işıqlandırılmışdır. Müəllif imkan daxilində mövzunun aktuallığı ilə bədiilik amilini paralel olaraq qoruyub saxlamışdır".

Yaxşı xatırlayır Heydər Əliyevin o vaxtlar Ağsuya gəlişini, təzə tikilmiş yaraşıqlı kitab mağazasının açılışını etməsini. Kəsilən qırmızı lent, insanların xoş əhvali-ruhiyyəsi Heydər Əliyevin dediyi qiymətli sözlər: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir". "Gərək, biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmət və ehtiramla yanaşaq".

Həsən bəy Zərdabi demişdir: "Kitab bəşəriyyətin ən böyük kəşfidir".

Həmin gün Ağsu rayon Tarix-Diyarşünaslıq Muzeyində də oldu. Lövhənin olmaması onu təəssüfləndirsə də, muzeyin müdiri Sevda Dəmirovanın deməsinə görə, yenidən yazılmaq üçün aparılıb.

Muzeyi gəzdikcə istər-istəməz bir neçə il əvvəl burada olduğu günləri xatırladı. Muzeydə canlılıq yaradan, fərqli cəhət, bəlkə də, son illərin hadisələri, şəhidlərin, qazilərin, veteranların şəkilləri, portretləri, xidmətləri ilə bağlı yeniliklər, dəyişikliklər idi.

İlk baxışdan muzey eksponatları ilə zənginlik təsiri bağışlayırdı. Hiss olunurdu ki, burada öz işini sevən, işgüzar bir kollektiv çalışır. Sevda xanım Qarabağ səfərindən bu günlərdə gəlmişdi. O qəzib-gördüyü yerlərdən söhbət etdikcə, orada Xuraman adlı qadına nəsə dedi. O istər-istəməz məşhur şairimiz Səməd Vurğunun "Vaqif" dramı, oradakı Xuramanla bağlı səhnəni xatırladı, soruşdu:

- Xuramanın özünü qayadan atdığı yeri görmədiniz?

Bu an Sevda xanım əlindəki yazıya ara verərək dilləndi:

- Hə... Hə... Bu barədə nəsə göstərərək dedilər...

Arada Ağsu Rabitə bankının müdiri olan həmyerlisi Sahil müəllimlə görüşəsi oldu. Xeyli söhbət etdilər. Ona bankın məhsullarından olan təqvim, bloknot hədiyyə etdi. Çox sağ olsun. Çox təəssüf ki, dövlət notariusu ilə görüşə bilmədi, iş günü deyildi.

Ağsudan qayıdanda yol boyu Heydər Əliyev Mərkəzində ona göstərilən qayğıdan, hörmətdən təsirlənmiş halda düşünürdü: "Telefonunu da aldılar. Görüş təşkil edəcəklərini bildirdilər. Bu da mərkəzi kitabxanadakı kimi nəticəsiz qalmayacaq ki?!. Hətta çəkilmiş şəkilləri də göndərmədilər".

Yolda onları Kürdəmirə gətirən taksiyə Şamaxıdan olan bir cavan oğlan minmək istədi. Sürücü onların razılığını almaq üçün dedi:

- Əmi, bəlkə, razı olasınız... Bu cavan oğlan Ərəb-Mehdibəylidəki fermaya getmək istəyir. On, on beş dəqiqə vaxtınızı alacağıq.

Dərhal dilləndi:

- Götür, yolda qalmasın. Maşında olan Qarabağa – Xankəndinə gedən yoldaş da bu sözləri dedi:

- Əlbəttə... Yandırıcı, isti havadı... Niyə yolda qalsın ki?!

Mən gülümsər halda dedim:

- Bir halda fermaya gedəcəyik. Yəqin ki, orada içməyə bir stəkan ayran tapılar.

Oğlan şad-xürrəm halda dilləndi:

- Əlbəttə ki... Qurbandı sizə... Göydəlləkli kəndinə yaxındı.

- Kəndin adına bax da... Göydəlləkli...

Beləcə yolumuza davam etdik. Ağsudan çıxacağına az qalmış, maşın çayı keçəndən sonra Ərəb-Mehdibəyli tərəfə, təzə çəkilmiş yola döndü. Xeyli rahat yol keçdilər. Bu an gözlərimiz qarşısında böyük bir ərazini əhatə edən saysız-hesabsız tikililər göründü. Dilləndi:

- A kişi, nə ferma... Bu böyük bir kompleksdir ki...

- Hə... Burada hər şey var... Kökəltməyə qoyulan, sağılan mal-qara...

Oğlan maşından düşəndə, sürücünün maşını döndərdiyini görüb, əli ilə gülümsər halda işarə etdi ki, bəs ayran içmirsiniz?! Biz də əlimizlə ona işarə etdik ki, çox sağ olsun, tələsirik. Hiss olunurdu ki, oğlan gənc mütəxəssisdir, burada işləyir. Geyim-keçimi elə əsl mənada cavanlarsayağı, centilmenlər kimi idi.

Yolda sürücü bir qədər ikibaşlı danışanda soruşdu:

- Deyirsən ki, atam Bakıda olur, işləyir, bəs sən nə əcəb getməmisən?

O gülümsər halda dilləndi:

- Hə, qardaşlarımın yanındadı. Özü də iş adamıdı. Dolanacaqları çox yaxşıdı.

- Yaxşı, de görək... Biri üç manatdan Kürdəmirə aparırsan. Daha doğrusu, bu hərbçi dördyola getdiyi üçün dörd manat alacaqsan. Bəs şamaxılı qardaşı bura neçəyə gətirdin?

- Deyim də... Yeddi manata...

- Onda bizim də pulumuz çıxıb ki...

Onun bu sözlərinə gülüşdülər. Yolda söhbət zamanı məlum oldu ki, Qaradağa gedən oğlan hərbçi yox, mülki işçidir.Orada mülki işdə çalışır. Bir sözlə, idarə müdirinin maşınını sürür, idarə edir. Öz işindən razı halda dedi:

- Çox gözəl... Əla... Allah razı olsun onlardan. Kaş özünüz görəydiniz... İndi Qarabağda cənnət yaradırlar.Hər yanda tikinti-quruculuq işləri.

- ...

- Elə bil ermənilərin ağdamlılarla ziddiyyəti varmış. O boyda şəhərdən bir tikili qalmayıb ey. Məsciddən başqa.

- Onu da murdarlayüblarmış.

- ...

- Ağdamlılar Qarabağ döyüşlərində xüsusilə fərqləniblər. Rayonun altı min şəhidi var...

- ...

- Prezidentimizə, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Vallah sağ olsun, torpaqlarımızı kişi kimi qaytartdı geri də...

Oğlanın ürəkdən gələn dediyi bu sözlər onu o qədər kövrəltmiş, mütəəssir etmişdi ki, heç dillənə, bir söz deyə bilmirdi. Odur ki soruşdu:

- Yoxsa, düzünü demirəm?!

- Yox... Niyə ki... Lap düzünü deyirsiniz.

- Yatanda yuxuma da girməzdi ki, Xankəndində olacam, orada gəzəcəm, maşın sürəcəyəm.

Sürücü onun əmək haqqı ilə maraqlandı:

- Ayda bir şey ala bilərsizmi?

- Əlbəttə, çox yaxşı.

- Məsələn...

- Bilirsiz, bu çox müxtəlifdir. Baxır da... Kimin necə işləməsinə...

Beləcə sürücü onu nə qədər sorğu-sual etsə də, aydın bir cavab ala bilmədi.Mən də bir qədər marağında olmadım, təkid etmədim. Onunla beləcə şad-xürrəm görüşərək ayrıldım. Ona uğurlar arzuladım:

- Mənzil başına sağ-salamat çatasınız!.. Sizə uğurlar!..

Onun işıqlı siması bir daha gülümsədi, dilləndi:

- Çox sağ olun!.. Salamat qalın!.. Görüşənədək!..

Xəyalən isə hələ də Ağsu dolayları barədə fikirləşirdim. İndi olmadı... Növbəti dəfə hökmən oraya səfər etməli, dincəlməli... Gənclik illərində olduğu kimi, o böyük yüksəklikdən qartalların uçmasını seyr etməli, Ağsu gözəlliklərini, xüsusilə Ağsu şəhərinin görünən gözəl mənzərəsinədoyunca baxmalıdır. Oradan Ağsu-Kürdəmir yolu da düz xətt kimi necə də aydın görünür, İlahi!.. Yaxşı deyirlər ki, böyük işlər görülən zaman xırda-para nöqsanlar bir o qədər gözə görünməsə də, deputatlığa namizədlə görüşəndə dedi:

- Xanım, sizə uğurlar! Həm də bizim köhnə deputatımızsınız da... Ancaq bəzi məsələrin düzəlməməsi təəssüf doğurur... Elə biri şəhər bələdiyyəsi... Əlimizdə şam gəzsəniz də, lövhəsi olmadığı üçün tapa bilməyəcəksiniz. Halbuki Ağsuda lap adam boyda iri hərflərlə "Bələdiyyə" sözü yazılıb, vurulub divara...