Ələsgər Əlioğlu : - BU MƏMLƏKƏTİ..

.
Son zamanlar bəzi məmurlar rüşvətxorluq
və korrupsiya ilə bağlı cinayət məsuliyyətinə
cəlb olunmuşlar...
Qırxıncı qapının sınıb tilsimi,
Tarix bəyan edib çox həqiqəti.
Ağacı içindən qurd yeyən kimi,
İçindən yeyiblər
Bu məmləkəti...
Bəzisi mənlikdən uzağa gedib,
Göstərib zamana öz buynuzunu...
Rüşvət sayılmağa vaxr darlıq edib,
Xətkeşlə ölçülüb eni-uzunu...
Azğınlar bilməyib nə bənd, nə bərə,
(Zehnində göllənib durğunluq dövrü!)
Yüksək vəzifəyə gedən kəslərə,
Rüşvət- ən münasib nəqliyyat növü...
Səsi dəhnələnib nə qədər ömrün,
Haqsızlıqdan əsrin yuxusu qaçıb...
Nəsimini soyan cəllad da bu gün,
Dəri istehsalı zavodu açıb...
Qanun nə zaman ki çəkilib qına,
Haqqın əldən gedib abır-isməti.
Hakimlər də açıb camaşırxana,
Paltartək
yuyublar çox cinaytəti...
Kimlərsə ağlını gizlədib cibdə,
Sinib iqtisadi xəritəmizə.
Koroğlu can verib kirayə evdə,
Bağ evi ucaldıb Dubayda Həmzə...
Elələri olub harından-harın,
Başları yekəlib, dönüb qarpıza...
Adı yalan olub canavarların,
Məmurlar yatıblar ağız-ağıza...
Qırxıncı qapının sınıb tilsimi,
Tarix bəyan edib çox həqiqəti.
Ağacı içindən qurd yeyən kimi,
İçindən yeyiblər
Bu məmləkəti...
2023