Əbülfət Mədətoğlu : - İçində...
Kirpiklərim görüşmədi, əritdim
Bir gecəni bir səhərin içində...
Can atsam da qovuşdura bilmədim -
Bir həsrəti bir şəhərin içində!..
Baş qatsam da hər ölçüdə, biçi də
Boş səhradı əllərimin içi də!..
Vüsal, həsrət, bir də ümid - üçü də -
Çabalayır bir qəhərin içində!..
Batan günəş, axan ulduz və bir də
Cüc qalmayıb dişim sıxan səbirdə!
Bilə, bilə yaşadığım cəbir də -
Bal daddırır, bal, zəhərin içində!..
Çöhrəmdəki təbəssümdən çən ağır
Nə dilədim, tərsi ilə tən yağır!
Göz önündə, açıq- aşkar mən fağır -
Gün sayıram "bir təhər"-in içində!