BİRCƏ ÇUMAK VƏ KAŞPİROVSKİMİZ ÇATMIR - Aqil ABBAS yazır
İndiki cavanlar bilməz, amma köhnələrin yəqin ki yadından çıxmayıb. 90-cı ilin əvvəlində Moskvanın əsas kanallarında Çumak və Kaşpirovski adında iki nəfər peyda olmuşdu. Biri baxışlarıyla camaatı yatızdırırdı, biri də əlləriylə müxtəlif hərəkətlər edib guya insanları sağaldırdı. O, Kaşpirovski idi. Sonuncu verilişində də iki əlini birləşdirib tamaşaçılara bir «aley» verdi.
İndi bizim televiziya kanallarında bir-birini təkrar edən verilişlər, demək olar ki, hamısı da arvad hamamı, bir tərəfdən də uroloq, ufoloq, ginekoloq, plastik əməliyyat aparan cərrahlar və sairə və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq, məsləhətlər verirlər.
Allaha şükür, day həkimə getmək lazım deyil. Başın ağrıyır filan dərman at, ürəyin ağrıyır filan dərman at, ayağında varikoz var filan maz, filan dərman, gözün görmür televiziyaya az bax, özünü pis hiss edirsənsə yüz qram tut arağı iç və sair və ilaxır.
Əclaf Sovet hökumətində həkimlərin və dərmanların reklamı qadağan idi. Hətta hansısa bir qəzetdə hansısa bir həkim haqqında məqalə yazmağa da yasaq qoymuşdular.
Yaxşı oldu ki, dağıldı.
İndi televiziyalarımızda özəl hospitalların, özəl xəstəxanaların və onların özəl həkimlərinin 24 saat reklamı gedir.
Filan hospitalda sol ayağınızın əvəzinə sağ ayağınızı kəsəcəklər, bəşməkan hospitalda ölmək istəyirsizsə gedin burnunuzu əməliyyat etdirin, başqa bir hospitalda gedin doğun, doğuş zamanı sizə tort gətirəcəklər, üstündə də şamlar, filan hospitalda gedin mədənizi kiçildin, Allah qoysa o qədər arıqlayacaqsınız ki, əriniz məcbur olub sizə xəyanət edəcək.
Sağ olsun həkimlərimiz, maşallah, o qədər pullanıblar ki, hətta mənasız kinolara sponsorluq edirlər. Bircə qalır futbola sponsorluq etmək. Yəqin tezliklə onu da görəcəyik.
Hamısı da gedib qardaş Türkiyədə uzmanlıq diplomu alırlar.
Bir dəfə Ağcabədidə su idarəsinə getmişdim. Müdirin kabinetinə girəndə məəttəl qaldım. Divardan o qədər diplomlar asılmışdı: «İti qələm» mükafatı, «Qızıl qələm» mükafatı, «İlin adamı» diplomu, «XX əsrin görkəmli şəxsiyyəti» diplomu. Bəlkə divarda müxtəlif qəzetlərin təsis etdiyi 30-dan çox diplom vardı. Müdir gülüb mənə dedi:
- Heç sənin bir belə diplomun var?
Bu gün həkimlərin də otaqlarına girəndə 20-30 diplom və sertifikat görərsən.
İndi televiziyalarımızda bircə Çumak və Kaşpirovski çatmır. Allaha şükür, indi ölkəmizdə fala baxanların və ekstrasenslərin sayı həkimlərdən də çoxdur, onları da kanallara dəvət edib millətin falına baxdırsaydılar və ya ekstrasensləri dəvət edib Kaşpirovski kimi milləti yatızdırsaydılar kef eləyərdik.
Düzdür, siyasi fala baxanlar ekranlardan düşmürlər, amma onların da falları 90 faiz səhv çıxır.
Və sonda. Dövlət xəstəxanaları və bu xəstəxanalarda işləyən həkimlər niyə reklam olunmur, bunu başa düşmürəm.
Yeri gəlmişkən, dünyanın bir nömrəli avtomobili olan «Mersedes»in reklamına rast gəlmisiniz?
Yadımdan çıxmışdı, muştuluğum sizdə, dərmanların qiyməti də babat qalxıb.