Ayaz Arabaçı : - YAZIR

Ədəbiyyat 11:46 / 04.08.2024 Baxış sayı: 2320

Mən daha çoxundan halıyam, halı,

Zəhərə döndərir gül kimi balı,

Bilinmir sözünün qabağı dalı,

Hər sözü zıqqına-zıqqına yazır.

 

Dastanlar bağlayır suxarılara,

Yalmanır tulatək "buxarılara,

Qorxur ki xoş getməz yuxarılara,

Eləcə mıqqına-mıqqına yazır.

 

Məni bağışlasın bəylər, bayanlar,

Az deyil ölkədə virus yayanlar,

Qarnını qardaşdan üstün sayanlar,

Harda nə tapırsan, tıx qına, yazır.

 

Mənim işim yoxdu, qeyrəti çatnan,

Yenmişəm həyatı bir qoca "mat"nan,

Düşüb ortalığa bir axsaq atnan,

Çoxları hıqqına hıqqına yazır.

 

Bir az ordan burdan, bir az bayağı.

Titrəyir ürəyi, əli ayağı,

Gəlir cəsarətə tülküsayağı

Yazır ey amma ki cıqqana yazır.

 

Axır hər çalaya bir ovuc sutək,

Yemlənir qucaqda əl çağasıtək,

Tərpənir bataqlıq qurbağasıtək,

Gördüyü lıqqadı, lıqqana yazır.

 

Yarsın qoy cismini ən məşhur xürurq,

Çıxacaq köksündən qürur və qürur,

Külüngü birbaşa dərinə vurur,

Ayaz nə yazırsa haqqına yazır.