Ayaz Arabaçı : - Vücudumda hələ də o ürpərtilər qalır,

Birdən-birə böyüyüb budaqlanıb o rişə,
Gözəl bir gün dadıyla ətirlənib sözlərim.
Hələ ki, gec qalırsan, vəd verdiyin görüşə.
Metronun çıxışına kilidlənib gözlərim.
Elə hey darayıram, saçım dağılır yelə,
Dirənməsəm az qala bu meh məni də yıxar.
Telefonda dediyin sözləri sübut elə,
Görüm düzmü deyirdin-qəlbim yerindən çıxar..
Vücudumda hələ də o ürpərtilər qalır,
Mənə elə gəlir ki, bu günədək heçmişəm.
Bilirəm səni bəzi şeylər təşvişə salır,
Mən artıq o nöqtəni xeyli var ki, keçmişəm.
Gör nə hallara qalmış, itiyi-itmiş qoca,
Əlimi o cibimə, bu cibimə salıram.
Arada həyəcandan boğazım quruduqca,
Əlimdəki şüşədən bir udum su alıram.
Səndən xəbər yox ancaq, düşmüşəm əl-ayağa,
Uzadıram boynumu aradabir də xamtək.
Vurnuxur üç-dörd polis yanımda sola-sağa,
Qısılmışam dirəyə suç işləmiş adamtək.