Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas: - Ədəbiyyatda rəqəmsal təkamül: süni intellektin poetik kodlları
əd

Texnologiyanın ədəbi şüura təsiri və ədəbiyyatın texnoloji transformasiyası yaradıcı proseslərə təsirsiz ötüşmür. Süni intellektin ədəbi təkamülü istiqaməti üzrə bir sıra tədqiqatlar aparılmış, ancaq problem ətraflı şəkildə akademik səviyyədə tədqiq olunmamışdır. Süni intellektin “müəllif” funksiyasını yerinə yetirməsi əsərin orijinallığı və ədəbi dəyəri haqqındakı mövcud təsəvvürləri “dağıdır”. Buna görə də texnoloji alətlərin yaradıcı ola bilmə çərçivələri və insan yaradıcılığının sərhədlərini müəyyən etmək üçün araşdırmaya ciddi ehtiyac var. Etik qaydaların qorunması və orijinallığın təhlili məsələləri hələ də aktualdır. Ədəbi əsər insan amili olmadan necə yaranır və dəyəri hansı aspektdən ölçülür? Məqalədə süni intellektin mətn istehsalında rolu müəyyən edilmiş, yeni ədəbi janrların ortaya çıxması və texnologiyanın ədəbiyyatın gələcək taleyinə gətirdiyi yeniliklər tədqiq olunmuşdur. Süni zəka ilə yaradıcı yazarlıq arasındakı əlaqələr də araşdırılıb. Məqalədə əsas diqqət süni intellektlə orijinal yaradıcılığın kəsişməsi, rəqəmsal humanizm, (orijinal potensialın mühafizəsi) hibrid formaların meydana gəlməsi, ədəbi dünyanın pozulan qanunları və bədii mətnlərin ədəbiyyatın “gömrüyündən” keçməsinə yönəlmişdir.
Texnoloji inkişafın estetikası və yeni sərhədləri: mətn və maşın
Rəqəmsal ədəbiyyat alətləri ədəbiyyatşünaslıqda əhəmiyyətli yer tutur. Bu istiqamət üzrə tədqiqat apararkən, Korpus linqvistikası, rəqəmsal analiz və interaktiv ədəbiyyat diqqətə alınmalıdır. Korpus linqvistikasında böyük mətnlər təhlil olunur, həmin mətnlərin strukturu öyrənilir. Biz bu şəkildə əsərləri təhlil edəndə müəlliflərin dil və üslub xüsusiyyətlərini müqayisə edirik.
Mətnlərin təhlilində iki qol aparıcıdır: sentiment (psixoloji təhlil) və stilometrik. Mətnin emosional vəziyyətinin (müsbət/mənfi) və oxucuya təsir gücünün müəyyən olunması mətnin sentiment təhlili (mətnin “daxili”) adlanır. Bu təhlil tipinə müştəri rəyləri, sosial media paylaşımları və ictimai təsir daxildir. (TextBlob, Vader, NLTK) Yazının üslubu, quruluşu və müqayisəsi, (cümlənin uzunluğu, tavtalogiya) mətnin orijinal yoxsa plagiat olmasının tədqiq olunması və müəllifi mübahisəli hesab olunan əsərlərin müəyyən olunması stilometrik təhlil (mətnin “xarici”) adlanır. (Jstylo, Signature Stylistics) Sentiment təhlil oxucu təcrübəsində, stilometrik təhlil ədəbi tədqiqatlarda istifadə olunur.
Ənənəvi kitablar yerini rəqəmsal (elektron) kitablara verir, oxucu üçün kitablar əlçatan olur. Nəticədə ədəbiyyat coğrafi və fiziki sərhədləri aşır, kitablar dinamik şəkildə yayılmağa başlayır, elektron ədəbiyyat və qlobal ədəbiyyat anlayışları meydana gəlir. Kindle, iPad və s. proqramları nümunə kimi qeyd edə bilərik. Bundan başqa, rəqəmsal kitabları daşımaq rahatdır, qiymət münasibdir, dəyişiklik etmək mümkündür. (ölçünü tənzimləmək, söz axtarmaq və s.)
Podkast və audiokitabların yaranması da ədəbiyyata bir sıra yeniliklər qazandırır: mütaliə zamanının məhdud olması səbəbilə kitabları səsli şəkildə dinləmək mümkün olur, görmə əngəlli oxucular ədəbiyyat dünyasına rahatlıqla daxil ola bilirlər. Audiokitabların üstünlükləri nələrdir? Multitasking, (başqa işləri görərkən paralel olaraq kitab dinləmək) əlçatanlılıq, səsli oxu ilə əsərin atmosferinə düşmək və dinləyicidə dərin hisslər oyatmaq. Texnologiyanın gətirdiyi bu rəngarənglik ədəbiyyatın üfüqlərini genişləndirir.
Ədəbiyyatla texnologiya arasındakı münasibət daha geniş kütləyə çatır, “maşın” ədəbiyyata yeni nəfəs gətirir və yeni hibrid formalar yaranır. Ədəbiyyatın hibrid formaları sırasında ən populyar yeri film və teatr tutur. Bədii əsərlərin əsasında film çəkilir, əsərlər səhnələşdirilir. Süni intellekt bu sahəyə də yansıyıb. Məsələn, 2016-cı ildə süni zəkanın rejissoru olduğu “Günəş baharı” qısametrajlı film ekranlara qonaq oldu.
Hibrid formalardan biri də blokçeyndir. (blockchain) Blokçeyn texnologiyası bədii əsərlərin yazıçıları tərəfindən nəzarətə götürülməsi, müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüququnda müəyyən qaydaların tənzimlənməsi və plagiat hallarının qarşısının alınması kimi bir sıra məsələləri həll edir. Bu zaman əsərlərin yayılması şəffah və təhlükəsiz olur. Yazıçı birbaşa mətni oxucuya təqdim edə bilir, müəlliflə yanaşı, redaktorlar, naşirlər də bir araya gəlir. Blokçeyn müzakirə və gələcək inkişaf üçün yaxşı fürsət yaradır. Məsələn, Larva Labsın “Kriptopunklar layihəsi”, (“The cryptopunks project”) “Mərkəzsiz ərazi” (“Decentraland”) blokçeyn əsasında yaradılmış rəqəmsal sənət əsərləri və virtual aləmdir.
Rəqəmsal təkamül ədəbiyyatın da dünyasını dəyişdirir, yazıçı ilə oxucu arasında kontakt asanlıqla qurulur. Sosial mediada yazılan əsərlər geniş oxucu auditoriyası qazanır. Bu inkişaf ədəbiyyata yeni terminlər qazandırır: twitter poeziyası, instagram şeirləri, facebook aforizmləri, (azərbaycanlı müəllif Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabı) tiktok şairləri, rəqəmsal mühitdə aşıqlar, meyxana sənəti, atalar sözləri.
Twitter poeziyasının ən məşhur nümayəndəsi hind kökənli, kanadalı şair Rupi Kaurdur. Onun şeirləri twitterdə populyarlıq qazandı. Kaur feminist ruhda yazılmış “Süd və bal” kitabının müəllifidir. Kitab bəzi ölkələrdə qadağan olunub, çünki qadının psixoloji və cinsi zorakılığına həsr olunmuş əsərdir. Məsələn,
“Mən küçə əti deyiləm, evdə hazırlanmış mürəbbəyəm
Mən polis sirenləri deyiləm
Mən otel otağı deyiləm evdəyəm
Mən sənin istədiyin viski deyiləm
Mən sizə lazım olan suyam
Bura gözləntilərlə gəlməyin
Və məndən tətil etməyə çalışın”.
İnstagram şeirləri deyəndə ən bariz nümunə kimi Attikus poeziyasının adını çəkə bilərik. Attikus həvəskar şairdir və “Onun vəhşiliyini sevin” şeirlər kitabının müəllifidir. İnstagram üzərindən fəaliyyət göstərən şairin paylaşdığı şeirlər qısa və lakonik olur, fotoşəkillə bərabər paylaşılır. Şeirlər gənc nəsildə dərin və emosional təsir yaradır. Məsələn, "Biz bizi quran və sındıranların hamısından yaradılmışıq", “Onu gözəl edən onun xaosu idi”, "Depressiya rəng korluğudur və daim dünyanın nə qədər rəngli olduğunu izah edir".
Bəzən hansısa yazıçının fikri, müsahibəsi sosial mediada müzakirə yaradır. Məsələn, azərbaycanlı şair Şəhriyar del Geraninin “Müasir dövrdə qadın şairə yoxdur” fikri, azərbaycanlı filosof-yazıçı Əlisa Nicatın azərbaycanlı şairlərimiz Nizami Gəncəvi və Səməd Vurğun haqqında müsahibəsi və həmin müsahibəyə Qəşəm Nəcəfzadə, Fərid Hüseyn kimi yerli müəlliflərin reaksiyası diqqət çəkmişdi. Azərbaycanlı naşir Şahbaz Xuduoğlunun paylaşımları da ölkədə müzakirə yaratmaq gücünə sahibdir. Belə olan halda, ədəbiyyat sosial funksiyasını icra edir və tanınır.
Süni intellekt və ədəbi dəyərlər: gələcəyin oxucusu və yazıçısı
Texnoloji yardım sayəsində yazıçı rəqəmsal alətlər və resursları sahib olur və bu sənət təkmilləşdirilir. Sənətin inkişafı ilə oxucunun düşüncələri genişlənir. Bununla belə süni zəkanın yaratdığı mətnlərə oxuyanda oradakı müəyyən boşluqlar nəzərə çarpır. Görünür, süni intellekt bu boşluğu doldurmaq gücünə sahib deyil. Süni intellekt nə qədər inkişaf etsə də ədəbiyyat sahəsində rəqib olma ehtimalı azdır, çünki onin “ürəyi” yoxdur və bu rolu yerinə yetirə bilməz.
Süni intellekt yaradıcı yazarlıq prosesində də iştirak edir və əsərlər üzərində hakimiyyət “qazanır”. Yaradıcı adam zamanı qabaqlayıb irəlini görür, ancaq bu həm xoşbəxtlik, həm də bədbəxtlikdir. Niyə bədbəxtlikdir? Çünki insan ölçü və standartlardan kənara çıxır, sistem də formalaşmadığı üçün dəyər mexanizmi işə düşmür. Yaradıcı yazarlıq sənəti müəllifin mətnə yaradıcı yanaşması və spesifik üslubuna əsaslanır, ilhamın və vəcdin rolunu inkar edir. Bu sənət oxucunu öz dünyasına qaytarır və fikir mübadiləsinə “dəvət edir”. Mətn yazılarkən ilham, təbiət, həyat təcrübələri və kitabların təsiri əhəmiyyətlidir, lakin orijinal yazarlıq ilhamı qəbul etmir və “yazıçı blokları”nı aradan qaldırmağı hədəf seçir. Yaradıcı yazarlığın fikrincə, mətn davamlı məşqlərin və motivasiyanın məhsuludur. Azərbaycan ədəbiyyatında bu sahə ilə məşğul olan mütəxəssis ədəbiyyatşünas Ramil Əhməddir.
Süni intellekt həm yaradır, həm də araşdırır. Hal-hazırda süni zəka “süni müəllif” rolunu da oynamağı bacarır. Texnologiyanın bu “yardımı” yazılı ədəbiyyata yenilik gətirir. Bu texnoloji yeniliklər sırasında yeni ədəbi janrlar, hibrid formalar, fərdi və qeyri-adi mətnlər də yer alır. Texnoloji ədəbiyyat bizə fərqli təcrübələr yaşadır və mətnlərin adları da özünəməxsusluğu ilə maraq oyadır. Bəs robot yazıçıya çevrilə bilərmi?
Data şairi və kreativ texnoloq Ross Qudvinin “Yolun birinci hissəsi” əsəri-avtomobillərdən əldə olunmuş məlumatlar sayəsində yazılıb. Kompüter alimi yaponiyalı Hitoşi Matsubaranın “Bir gün kompüter bir roman yazacaq” romanı da maraqlı nümunədir.
Elektron ədəbiyyatın müəllifi Maykl Coysun “Günortadan sonra bir hekayə” əsəri hipermətn fantastikasının ilk nümunələrindən biridir. Əsər avtomobil qəzasının şahidi olan və bu yaxınlarda boşanmış qəhrəmandan bəhs edir. Onun fikrincə, qəzada keçmiş həyat yoldaşının “əli” var. Əsəri hər dəfə oxuduqca süjet xətti dəyişir və hər seçim yeni bir mətnə aparır.
Amerika yazıçısı və rəssamı, eksperimental əsərləri ilə tanınan Şelli Ceksonun “Yamaqlı qız” və ya “Müasir canavar” romanı kiberfeminizmə həsr olunub. Amerikalı fantastik əsərlərin müəllifi Mark Danielewskinin debüt romanı- “Yarpaq evi” əsəri də bu qəbildəndir. Data alimi Remekah Consun “Sonsuz kitabxana” əsəri oxucunun fərdi seçimləri və mətnə verdiyi reaksiyalara əsaslanan romandır.
Süni intellekt yazıçının üslubunu, əsərlərdə təkrarlanan motivləri müəyyən edir, əsərin oxucunun yaddaşında (zehni ilə yanaşı bədən yaddaşında da) buraxdığı izləri, bədii mətnlərin dövr üçün nə dərəcədə aktual olması və zamanla ayaqlaşmasını araşdırır, mətni mühitə uyğun dəyərləndirir. (tarixi və sosial kontekst) Süni intellekt mətnlərin formalaşması üçün mövzu və ideya da təklif edir.
Hipermətnlərdə (interaktiv ədəbiyyat) süni intellektin rolu danılmazdır. Bu cür mətnlər oxucuya bədii mətni idarəetmə imkanı verir və oxucunun aktiv rol oynadığı bir sistem yaradır. Oxucular mətnləri öz istəklərinə uyğun yaradır və interaktivliyi təmin edirlər. Hipermətnlər ədəbiyyat üçün texnoloji inqilabdır və oxucu-yazıçı münasibətlərinin yenidən necə tənzimlənməsinə əsaslanır. Süni intellekt oxucuya ünvanlanmış mətnlər yaradaraq, onun seçimlərinə və tələblərinə cavab verir, məlumatları paralel şəkildə təqdim edir. Bu nöqteyi-nəzərdən oxucu ədəbiyyatın zəngin və şaxələnmiş bir elm olduğunu daha çox dərk edir.
Virtual dünya ədəbiyyatın fəlsəfi-sosial aspektlərinə də təsir edir. Rəqəmsal və dijital humanizm anlayışı meydana gəlir. Rəqəmsal humanizm texnoloji vasitələrin insan təcrübəsinin təkamülünə əsaslanır. Dijital humanizmin məqsədi oxucuları insan-maşın kəsişməsində yeni mənalar axtarmağa imkan yaratmaq, insani dəyərləri mühafizə etməkdir. Burada etik və mənəvi məqamlar nəzərə alınır, insan təcrübəsi texnologiya ilə inteqrasiya edir. Rəqəmsal humanizm insanın inkişafına və texnologiyadan praqmatik şəkildə istifadəsinə, virtual alətlərin mənfi təsirlərini minimuma endirməyə kömək edir. Dijital humanizm rəqəmsal ədəbiyyatın fəlsəfi aspektlərini təşkil edir. Məsələn, Yuval Noah Hararinin “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabı rəqəmsal humanizmin əsas prinsiplərini ifadə edir. Nikolas Karrın “Dayazlar: internet beynimizə nə edir?” kitabı da dijital humanizmi araşdırır. Karrın fikrincə, onlayn oxumaq çap olunmuş kitabı oxumaqdan daha az qavrayışa səbəb olur, yəni oxucu mətni kitab şəklində canlı oxuyanda daha çox dərk edir.
Nəticə
Rəqəmsal ədəbi alətlərdən istifadə, elektron ədəbiyyatın inkişafı, sosial mediada nəzm və nəsrin fərqli nümunələrinin yayılması, podkast və audiokitabların yaranması süni intellektin müsbət mənada təsir gücünü ifadə edir. Həmçinin, rəqəmsal humanizmin inkişafı da maraqlı yenilikdir.
Maraqlıdır, orijinal yazarlığa texnologiyanın nüfuz etməsi, insan və maşın düşüncəsinin sintezi, süni müəllif anlayışı və etik-əxlaqi prinsiplərin pozulması ədəbiyyatın inkişafına nə dərəcədə xidmət edir? Texnologiyanın yaratdığı mətnlər nə dərəcədə etikdir? Əsər əslində kimə məxsusdur və müəllif hüquqları necə qorunub saxlanılacaq? Əsər ədəbi dünyada necə qəbul olunur və “qeyri-qanuni” mətn hesab olunmurmu? Bəs həmin əsərlərin sonrakı taleyi? İnsanın və maşının ədəbi münasibətləri gələcəkdə hansı çərçivədə inkişaf edəcək? Bu məsələlər artıq fəlsəfi-hüquqi müstəvidə dəyərləndirilməlidir.
Ədəbiyyatın rəqəmsal dönüşümü ədəbiyyatın təbiətinin sorğulanmasına yol açır. Bu hadisəni atasız dünyaya gələn övladlarla kobud formada da olsa müqayisə etmək olar. Bədii mətnlərin taleyi atasız və bioloji qanunlardan kənar üsullarla doğulan uşaqların taleyindən çox da fərqlənmir. Burada da ədəbi qanunlardan kənar bir “məhsul” yaranır. Bəs “ədəbi pasport”da müəllifin adının önündə kim qeyd olunacaq? Fikrimizcə, süni intellektin ədəbiyyata təsirinin “qırmızı xətt”i, çərçivəsi olmalıdır. Əks halda, yazıçının funksiyası, rolu tamamilə sıradan çıxacaq, insan amili getdikcə məhdudlaşacaq. Beləliklə, insan əməyinə ehtiyac duyulmayacaq.
Digər bir məsələ odur ki, maşının “ürəyi” yoxdur, sadəcə mətndə poetik “izi” var. Yazıçının qələminin mürəkkəbi onun ürəyinin qanıdır, onun göz yaşlarından axıb gələn mürəkkəbdir. Hiss və duyğulara yer verilməyən bədii mətn oxucunun həyatına nə dərəcədə dəyər qatacaq, onu necə tərbiyələndirəcək? Bu kimi suallar hələ də açıq qalır.