İbrahim İLYASLI : - BOZQURD olmaq

Ulartın uzaqdan gəlir,
Yaxınları viran QURDum!
Bizi keçəbölük etdi
Mərə kafir – tiran, QURDum!
Adına canavar dedi
Cana vara bilməyənlər.
Yurd uğrunda bircə qaşıq
Qana vara bilməyənlər.
Sultan etdiyin ərənlər
Yolunda tuzaq qurdular.
Balana yaxın çəkdilər,
Babandan uzaq qurdular.
Qurtuluş verdiyin kişi
Dalınca tazı teylədi.
Köksünə qurşun şığıdıb,
Qanına qəltan eylədi.
Cəmi dönüklər buluşdu,-
Yasaq oldu özyurd olmaq.
İndi ən zülüm oluşdu,
Yer üzündə Bozqurd olmaq!