NİCAT HUNALP AYB-nin üzvü, şair: - "PALİTRA”NIN POETİK OVQATLI ANLARI

MƏDƏNİYYƏT 21:22 / 25.05.2025 Baxış sayı: 6168

 

Bu gün (25.05.2025) uzun illərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və hər ayın sonunu bazar günü yazarları bir araya gətirən “Palitra” Ədəbi Klubunun növbəti Yaradıcılıq Günü də hamıya xoş ovqat hissi bəxş etmək baxımından yaddaqalan olmuşdur.

AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə əvvəlcə həyat yoldaşının dəfn və yas mərasimlərində onu yalqız qoymayan həmkarlarına təşəkkürünü bildirmiş, sonrasa iyun ayında nəzərdə tutulan tədbirlərdən,-o cümlədən xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinin vacibliyindən söz açmışdır. Bu məqsədlə 7 nəfərdən ibarət yubiley komissiyası yaradılmış, ədəbiyyat sevdalısı Rəşid Rəsulovun xeyir-dualarından sonra çıxış etmək növbəsi yazarlara çatmışdır.

Tanınmış qiraətçi-şairə Minarə İskəndər bu dəfə də oxuduğu təzə bir şeiriylə yenidən diqqət mərkəzində dayanmış, yazarlarımızın “ahıl və cahıl” dostu Ağabala Salahlı isə məhəbbət mövzusunda qələmə aldığı şeriylə söz məclisinə təbəssüm dolu anlar bəxş etmişdir.

Şair Əhməd Əfsun əvvəlcə söz məclisinin şaxələnməsi istəyiylə bir sıra təkliflərini dilə gətirmiş, çıxışının sonunda söylədiyi təmtəzə bir gəraylısıyla hamını yenə də məftun etməyə nail olmuşdur.

Keçən ilin iyul ayının əvvəlində dünyasını dəyişən AYB-nin üzvü Rəfael Dəmiroğlunun idmançı övladı Elvin Rəfaeloğlu mərhum şairin bir şeirini söyləyəndən sonra, atasını həmişə ehtiram hissiylə yad edən qələm dostlarına minnətdarlığını bildirmişdir.

Gənc şair, AYB-nin üzvü Nicat Hunalpın oxuduğu bir-birindən gözəl şeirləriylə poetik zirvəyə addım-addım yaxınlaşdığını nümayiş etdirmişdir.

Həmişə olduğu kimi yenə də vətənpərvər şair Eldəniz Cəfəroğlu bir neçə satirik şeiriylə günümüzə-güzəranımıza qənim kəsilənləri çox ustalıqla hədəfə almışdır. AYB-nin üzvü, şair-hüquqşünas Bəhman Gülövşəlinin insanlara nikbinlik aşılayan şeirləri də təsirsiz ötüşməmiş, həmkarları tərəfindən razılıq hissiylə qarşılanmışdır...

Əvvəllər olduğu kimi “Palitra”nın bu dəfəki söz məclisi də mingəçevirli yazarların poetik hesabatı kimi əzəldən axıra kimi xoş ovqat hissiylə diqqət mərkəzində olmuşdur.