Faiq ŞÜKÜRBƏYLİ, AJB-nin üzvü: - Bir vədəsiz yel əsdi...

YAZARLAR 13:28 / 24.05.2025 Baxış sayı: 1018

 

yaxud, sel gedər, daş qalar, el gedər qardaş qalar.

Səmimi dost, gözəl insan, təcrübəli naşir Müşfiq Qasımovun qəfil ölüm xəbəri bir göz qırpımında yayıldı və həmin andaca sosial şəbəkələrdə barəsində xoş sözlər, ifadələr, təəssüf dolu fikirlər səslənməyə başladı. Mən də Müşfiqi yaxından tanıyan bir şəxs kimi çox heyrətləndim, təəssüfləndim onun ölümünə.

  Müşfiq müəllimin qardaşı, əziz dostum, tanınmış naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elman Qasımovla  növbəti söhbətimiz yenə Müşfiq barəsindədir. Bu yazımda Elman müəllimin söhbətindən bəzi fraqmentləri diqqətə çatdırmağa çalışdım:

Tanışlıq üçün deyək ki, Qasımov Müşfiq Şəmil oğlu 14 fevral 1969-cu ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edib. 2010-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəşriyat-poliqrafiya mərkəzində istehsalat və kommersiya direktoru vəzifəsində çalışırdı. Əsl ziyalı kimi böyük nüfuz sahibi idi.  Bir oğul və bir qız atası idi. Müşfiq müəllim 9 mart 2025-ci ildə qəflətən dünyasını dəyişdi və doğulduğu kənddə–ata-anasının yanında dəfn olundu.

Elə həmin andaca daş  mənzilli daş otaqdan bir ixtiyar ana oğlunu görüb fəryad qopardı, nalə çəkdi, lakin bu səsi özündən və istəkli balasından savayı heç kim eşitmədi. Ana oğlunun başını sinəsinə sıxdı, dərdli-dərdli sızıldadı: “Sən bura niyə belə tez gəldin ay oğul? Bura sənin yerin deyil, axı?! Sənin orada hələ çox işlərin var idi. Oğul evləndirməli idin, qızını yerbəyer etməli idin. Sən bu işləri kimə həvalə etdin?! Balalarını kimə tapşırıb gəldin?!”

-Mehriban anam, hər gün başımın üstündə narahat ruhlar dolanırdı. Ruhunuzun dincliyi olsun deyə səni, atamı, bir də qardaşımın əziz balasını-23 yaşlı Elvini görməyə və ona arxa-dayaq olmağa gəldim. Tez gəldim ki, ruhunuz inciməsin.

Bayaqdan sağ əli ürəyinin başında qalan  ixtiyar bir ata çağrılmamış gələn “qonağa” zənd ilə baxırdı. Handan-hana oğlunu tanıdı. Heyrətindən gözləri böyüdü, amma addım atıb yaxınlaşmağa taqəti olmadı: “Biz ayrılanda 33 yaşı vardı balamın, həmin vaxtdan 23 il keçir. İllərin həsrəti onu çox dəyişdirib”. Ata sanki qəflətdən ayıldı, təəccübləndi: “O bura niyə gəlib?! Onu bura kim çağırıb?! Başımızdan aşan dərdimizin üstünə bir dərd də gətirdi”.

“Qonaq”  çoxdandır ayrıldığı qardaşının oğlu ilə görüşmək istədi. Anası qoymadı:-Toxunma dedi, qoy yatsın, bu gecə yatmayıb. Hər gecə başını dizimin üstünə qoyur, mən də ona layla çalıram:

Laylay dedim yatasan,

Qızıl gülə batasan,

Qızıl gülün içində

Şirin yuxu tapasan!

Elman müəllim bir qədər arxaya qayıdır. ...Bir vaxt anam ailəmizin sonbeşiyi olan Müşfiqi torpaqla oynamağa qoymazdı, onu gül kimi-çiçək kimi saxlayardı. Ayağını daşdan, gözlərini yaşdan qoruyardı. Torpaqla qardaşımın arasında dayanardı ki, onun əl-ayağına, üst-başına toz dəyməsin. İllər keçdi, indi torpaq məni anama, qardaşıma toxunmağa qoymur. Bu da mənim ürəyimi ağrıdıraq param-parça edir...

Mən ağrıların nə vaxt başladığını indi bildim. İndi bildim ki, əziz bir adamınla oturub danışmaq istəyirsən, amma artıq həmin adam həyatda yoxdur, bax onda ağrılar daha da şiddətlənir. Mən indi bildim ki, insanı qocaldan həyat deyil, insanı qocaldan son mənzilə yola saldığın əzizini bir daha görə bilməməyindir.  Bir vaxt anlayırsan ki, bəzi insanlar ömürlük sənin qəlbində yaşayacaq, amma həyatda olmayacaq...

...Bağışla ana, bağışla ata, əlimdən heç nə gəlmədi, gücüm çatmadı, qardaşımı saxlaya bilmədim...

...Məzarını ziyarət edəndə təsəlli tapmasam da, ürəyimin qara qanlarını içimə dağıda bilirəm. Göz yaşlarım qəlbimdəki qara qanları yuyub təmizləməkdə acizdir. Tez-tez ziyarətinə gəlirəm, əzizim! Təzə, tər çiçəkləri döşəyirəm məzarının üstünə. Eh, daş nə bilir çiçək nədir?!. Ayların ürəyimdə ərp bağlayan nisgilini “əritməyə” çalışıram. Fəqət, buna nail ola bilmirəm. Görüşüb  qayıdandan sonra növbəti görüşədək özümdə ola bilmirəm. Ürəyimin qaysaq bilməyən yaraları sızıldayır...

Qeybdən səs:

Bu yol oramı gedir?

Aşıb oramı gedir?

Gözdən yaş tökmək ilə

Qəlbdən yaramı gedir?

...Söz də tapa bilmirəm, qardaşımın ruhunun dincliyi üçün. Neyləyim, necə edim ki, Allah ona gözəl qapılar açsın,  o dünyada da üzündən gülüş, həyatından sevinc əskik olmasın. Gözəl olan nə varsa, onun nəsibi olsun. “İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver; onlar üçün ağacları altından çaylar axan cənnətlər vardır... Onlar orada əbədi qalacaqlar”  “Qurani-Kərim”...

...Torpağın üzü soyuq olar, insan dünyadan köçəndən bir müddət sonra hər şey tədricən “adiləşir”-deyirlər. Mən bu fikirlə qətiyyən razılaşmıram. Qardaşımla aramızdakı məsafə artdıqca, biz daha da yaxınlaşırıq. Mən nur üzlü qardaşıma daha çox bağlanıram,  ona olan sevgimi ölçmək mümkün deyil. Bunun üçün göylər qədər tərəzi vahidi, yer kürəsi boyda çəki daşı azlıq edər...

 Qeybdən səs:

Getdi gülüm ağlaram,

Oldu zülüm ağlaram

Bir vədəsiz yel əsdi,

Tökdü gülüm ağlaram

... Ruhun şad olsun, heyf səndən, mehriban qardaşım, gözümü yaşlı qoyan qardaşım, mənə oddan köynək geyindirən qardaşım, sonsuza qədər qəlbimin içindəsən! Cənnətdə olan ilk bayramın mübarək olsun!

Elman müəllim müqəddəs dərdi ilə baş-başadır. Onu kiritmək, ona təsəlli vermək mümkün deyil, bir də axı nə deyəsən ki, qardaşı ölən bir insan üçün təsəlli olsun? Əslində isə Elman müəllimin təsəlliyə-filana ehtiyacı yoxdur. Təssəllisi ondadır ki, Müşfiq iki  tərbiyəli, mərifətli, saf əqidəli övlad tərbiyə edib. Bu övladlar ictimai həyatda öz yerlərini tutan, atalarının ülvi əməllərinə sahib duran insanlardır.  Bir də  Elman müəllimin ən böyük təsəllisi ondadır ki, Müşfiq az yaşasa da, təmiz yaşadı. Təmiz yaşadı ki, onun haqqında pis danışanda heç kim inanmasın.

...Mən qardaşımı ömürlük itimədim ki, bir gün yenə onunla görüşəcəyəm. Yuxusuz qaldığım gecələrimi ona hiss etdirməyəcəyəm. Amma bizim bu görüşümüz daha möhtəşəm olacaq!..

...Müşfiqlə demək olar ki, eyni peşənin daşıyıcılarıydıq. Ayrı-ayrı müəssisələrdə qəzet-kitab çapı ilə məşğul olurduq. Bəzən mənə aid olan ağır bir işi də o, öz çiyninə götürürdü. Mən isə onun özünü ömrümdə bircə dəfə çiynimə götürdüm!

...Belə bir atalar sözünü xatırlayıram: Dəmiri nəm yeyər, insanı qəm. Bəli mən yıxılmadım, məni dərd yıxdı. “Gecələr yatmayan insanın gündüzə sığmayan dərdləri vardır” (İmam Hüseyn)

... Dünyaya gələndə ailəmizi dünya boyda sevincə qərq etmişdi, gedəndə də o boyda kədər qoyub getdi. İllər keçdikcə mən bu qədər ağrıya necə dözəcəyəm, İlahi!..

...Gül üzlüm, nur çələngim indi haqqın dərgahındasan. Haqqın mübarək, cənnətməkan qardaşım!..

...Qara torpaq, qardaşımdan muğayat ol, ona yaxşı bax. Məndən çox ona yaxın sənsən. O, sonsuzluğa qədər səninlə bir olacaq. Ətrini də istədiyin vaxt özün ala bilərsən, mən yox! Hə, indi rahat uyu, qardaşım, heç nədən nigaran olma. Sənə əlvida demirəm, salam deyirəm!...

Müşfiqin ürək dostu, hamımızın sevimlisi, çox hörmətli qardaşımız Teyyub Xəlilovun Müşfiqə həsr etdiyi şeirin bir bəndini təqdim etməyi gərəkli bildik.

İndi ürəyimdə yerin boş qalıb,

Həsrətdən gözümdə donub yaş qalıb

Qəlbimdə ağrılı ağır daş qalıb,

Səni arayıram hər axşam-səhər

Ayrılma bizlərdən Müşfiq, qayıt, gəl!

Müşfiq Qasımov necə insan idi? Onun haqqında indiyə qədər bilmədiyimizi bir qəzet yazısında bəyan etmək mümkün deyil. Fikrimiz var ki, gələcəkdə onun barəsində bir kitab yazaq, yaxud film çəkək və indi deyə bilmədiklərimizi orada şərh edək. İndi isə həmdəmimiz xatirələrdi, acı, ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.