Arzu Əsəd : - Deyir dində məzhəblər olmasın.

YAZARLAR 17:01 / 23.05.2025 Baxış sayı: 1460

 

Deyir dində məzhəblər olmasın. Olmasın, mən də istəmirəm. Amma bu istəyib-istəməmək məsələsi deyil axı. Biz istəsək də olacaq, istəməsək də. Hər hansı bir ictimai orqanizm yarandıqdan, təşəkkül tapdıqdan sonra tarixi inkişaf nəticəsində budaqlanır, şaxələnir. Sən "mən istəmirəm ağacın budaqları olsun" deyirsən. İstəmə, ağacın budaqlarını kəs getsin. Ağac qalacaqmı?

Xeyr, yerində bir kötük qalacaq. Ya xoşbəxtlik, ya da bədbəxtlik ondadır ki, tarix hər dəfə bu budaqları kəsmək istədikcə onlar yenidən boy verir və daha da böyüyür, genişlənirlər. Hər bir bioloji, ictimai orqanizmin təşəkkül prosesindən tutmuş inkişaf mərhələlərini hər bir düşüncə adamı bilməli və öz məntiqini, cəmiyyətə ötürəcəyi fikirləri ona adekvat qurmalıdır. Bu təşəkkül və inkişaf qanunauyğunluqlarına görə bilməliyik ki, budaqlarsız ağac olmadığı kimi məzhəbsiz din olmur, yaxud din məzhəbsiz olmur.

Məzhəbləri yox etməyə çalışmaq deyil, onların bir-birləri ilə qarşılıqlı əlaqə və təmaslarını, dost, qardaş münasibətlərini yaratmaq lazımdır ki, konstruktiv, yaradıcı, ölkə qanunlarının çərçivəsindən çıxmayacaq dərəcədə dini-elmi diskusiyalar apara bilsinlər. Dini Şuranın işi bu olmalıdır, həm dinlərarası, həm də məzhəblərarası əlaqənin, harmoniyanın qurulması.

Bu məsələni özbaşına, öz axarına buraxmaq olmaz. Ölkədə mövcud olan sünni, şiə və digər İslam məzhəblərinin seçilmiş başbilənləri, ağsaqqalları, alimləri niyə mütəmadi olaraq bir araya yığılıb konfranslar, seminarlar və sair ən müxtəlif şəkilli birgə tədbirlər keçirməməli, qarşılıqlı anlaşmaya gəlməməli və bütün millətə nümunə olmamalıdırlar?

Bu, xarici qüvvələrin də hər fürsətdə tətikləmək istədiyi məzhəblərarası gərginliyi tamamilə aradan götürər, vətəndaş cəmiyyətinin inkişafina, sosiallığın, bərəkətin artmasına, ictimai sabitliyin daha da möhkəmlənməsinə kömək edər. Nə vaxta qədər bu məzhəblərin nümayəndələri bir-birlərinə söz atacaq, bir-birlərinə qarşı kin-kidurət bəsləyəcək, hər fürsətdə öz din qardaşını aşağılamağa çalışacaq?

Ölkəninin dini şüuru, məzhəblərarası münasibət ayırıcı, nifaq salıcı, destruktiv, düşmənçilik yaradan "Quranda nə yoxdur?" kimi neqativ şuarla deyil, birləşdirici, konstruktiv, vəhdətə, qardaşlıga aparan "Quranda nə var?" kimi pozitiv düşüncə ilə qurulmalıdır. Unutmayaq, bizim artıq bitmiş, ölmüş dediyimiz keçmiş tarixin yaddaşının dərinliklərində diridir və hər fürsətdə dostun və ya düşmənin əlilə xortladıla bilər.