Ağaevli Əli Hacı : - Bağı dağılmış bağbanım,

Ədəbiyyat 17:40 / 25.05.2025 Baxış sayı: 945

 

Bağı dağılmış bağbanım,

sözdən sənə bar verərəm !

Yandırsınlar bağ-bağatı,

közdən sənə bar verərəm !

 

Xoşdan başqa yox niyətim,

su,havadı milliyətim !

Dost,tanışa bir sifətim,

üzdən sənə bar verərəm !

 

Təpələr də dağ oxşarı,

sıx qoynuna,yığ oxşarı !

Sinəsi dağ, sağ oxşarım-

düzdən sənə bar verərəm !

 

Al dünyanın,sat dünyanın

bozu,qıratı dünyanın !

Tanışdı zatı dünyanın,

izdən sənə bar verərəm !

 

Yalan olsa, at daşını...

özüm qurutdum yaşımı !

Əyilməyən bu başımı,

dizdən sənə bar verərəm !

 

Bağı dağılmış bağbanım,

Sözdən sənə bar verərəm !

Yandırsınlar bağ-bağatı,

Közdən sənə bar verərəm !