Ayaz Arabaçı : - Özümü bu eşq ilə verdim əbədiyyətə...
Mənzilini şəfəqdən
Könlümə yapdırmışam,
Havalarda uçuram
Görən kimi nə sirsə..
Ürəyimi isti bir
Duyğuya qapdırmışam.
Oxuyuram durmadan içimdən nə gəlirsə.
Unuduram nə varsa,
Bu günəcən arxada,
Bu bir ayrı həyatdı,bu bir ayrı seçimdi.
Gəlib özü tapıbdı
Məni bu qan,bu xata,
Bu günə qədər olan nələr varsa heçimdi.
Önündə Tanrı kimi dayanmışam biətə,
Yoxdu heç xəyalımda,
Bir gün iblisə dönmək.
Özümü bu eşq ilə verdim əbədiyyətə,
Gözəldi ..
Çox gözəldi,
tez-tez bu hissə dönmək.
Xəyallarda dolaşıb,arzularda dolaşıb,
Ən gözəl turist olduq,
Ən gözəl səfər olduq..
Üç gündən bir küsüşüb,beş gündən bir dalaşıb,
Biz iki nəfər idik,
sonra bir nəfər olduq..
Arxasınca dolaşar,
xəyalım gecə-gündüz,
Nə yeyib-içərəmsə gözəllikdə "o" dadar.
Dilim tam açılmayıb,
mənə birini də süz,
Bircə saat yubansa ürəyimi partladar.
Elə gözəl sərxoşam,
elə gözəl bihuşam,
Elə bil ki,əlimdə sehrli bir əsa var.
Mən deyəsən,
həyata təzədən doğulmuşam,
İndi mənim ruhumu yaşatmağa nəsə var..