Ayaz Arabaçı : - ADAMLAR

Bilən varmı niyə belə azalıb,
Baxışları üzə gülən adamlar.
Öz canımız-öz qanımız deylmi,
Bu qırılan,bu tökülən adamlar..
Kəsilməmiş ruhumuzun amanı,
Yavaş-yavaş dilləndir o kamanı,
Bir gün tutub saxlayacaq zamanı,
Nəfəsləri od hönkürən adamlar.
Dönməyibsə dar ayaqda üz haqdan,
Söküləcək nə yollasa uzaq Dan..
Darıxmayın,azadlığa uzaqdan,
Baxıb-baxıb,köks ötürən adamlar..
Son ümidin son işığı çəkilsə,
Haq deyilən nə məsciddi,nə kilsə,
Sabah şərin qaraltısı kəsilsə..
Neyləyəcək yala hürən adamlar..
Fürsətdi də tutub qapıb gülüblər...
Çox arzular yaşanmamış ölüblər..
Bilirsizmi bizi necə bölüblər-
Sarı,yaşıl,qara,kürən adamlar.
Bu zülmətdə işıq gəzib azarsız..
Yorulmadan sona kimi qazarsız..
Qəbrimizə göz yaşıyla yazarsız,
Xəstəliyi uzun sürən adamlar..