Aida Adıgözəl : -  Tanrıya

Ədəbiyyat 08:07 / 17.09.2024 Baxış sayı: 1254

 

Tanrı, harda ölmüşdün? Könlümdəcə dəfn etdim,

neçə Şirin, acı eşq, neçə Leyli dastanı.

O gündən dilənirəm "sevda sokaklarında"

Mən - dünyanın ən yoxsul, eşqə ən ac insanı.

 

Hey gecəni dan edən, gündüzləri qaranlıq,

bütün günahlarımı Yer üzünə bağışla.

Mən hələ ölməmişəm, sonuncu Eşq

Tanrısı, təntənəli doğuşu ayaq üstə alqışla.

 

Qaldır sunamiləri, qabart torpaq qatların,

gəl oyat köksümdəki vulkan lavalarını.

Qarışdır iqlimləri, ildırım rəqsi oyna,

göndər, göndər üstümə səhra havalarını.

Yar keç dənizlərimi, könlümə neçə dağ çək,

odu göylərə qalxan ada yarat içimdə.

 

Qoy Yer üzü mat qalsın, and içsin

Göy üzünə, görməmişəm bu cür eşq, bu boyda, bu biçimdə.

Min ildir axtardığım Pirim, Məbəd, Məqbərəm,

hey məchulların sirri, mübhəmlərin aydını.

Gəl çöz, gəl çöz, hardasan? Çıxar, qopar, sök artıq,

içərimdə gizlənmiş bu havalı Qadını...