Adilə Nəzərin ŞEİRLƏRİ

Ədəbiyyat 10:42 / 09.10.2024 Baxış sayı: 2069

ZAMAN

Duyğularım pərvanə tək dolanır şam başına,

Könül uçur güz gülünə, payız qaranquşuna.

 

Zaman keçir, vaxt tələsir, əqrəb milin qaşında,

Yaşım əlli, başım yüzdür, ürəyim min yaşında.

 

Üzüm güləş, içim hüzün, halım bir az əsəbi,

Bu qarışıq hislərimin çoxdan çoxdur səbəbi.

 

Yazan belə yazıb ömrü, sürürəm, gözüm nuru,

Tanrı bilir, nə vaxtadək borc veribdir bu ruhu.

 

Yox oluşu yalan-yanlış gedilən yoxuş çəkir.

Mənə gedən ən doğru yol yenə də məndən keçir.

                     ***

Alıb qanadlarına həzin bir titrəyişlə,

Məni gətirdi yollar... sankı yaz yuxusuydu.

Yaradıcı dedilər buralarda adıma,

Bu, səndən nələrisə öyrənmək arzusuydu.

 

Nə dedimsə, bilirsən, səndən gəldi, İlahi,

Dediyim duyduğumun bir anlıq ifşasıydı.

Bir fəhmin işığıydı – gəldi qeyri-iradi,

Sənin yaratdığına heyrətin nidasıydı.

 

Bilmədim ki, nə oldu, necə oldu, yazaraq

Qübarlanıb hər sözə sərin-sərin əsməyim.

Çiçəklərin, güllərin dilləriylə susaraq

Misralar arasında gizlənmək istəməyim.

 

Əhvalıma baxmadı köksümdəki qərib quş,

Ötdü istədiyi vaxt, məni saldı zindana.

Nələr çəkdi bu yazıq, ağrılı, talesiz baş,

Qələmini qılınctək çevirəndə nadana...

 

Bu da qismətdir yəqin, sığındım kölgəsinə,

Həyat hər anlamıyla qaralıdır-ağlıdır.

Gələndə bu cırtdanlar, bu divlər ölkəsinə,

Bilirdim ki, yaşamaq ancaq səbrə bağlıdır.

 

Ta əzəldən belədir Adəm oğlunun halı,

Adilə, gözlə görək, yaxşı olar hasilim.

Mənə, səbr etməyə qələm verdin, İlahi,

Verdin ki, həm özümü, həm Səni yaza bilim.

            

               ÜSTÜNƏ

İlahi, qəflət vaxtıdır,

Gəl, yetiş sözüm üstünə.

Səni tanıyan vaxt udur,

Aç qapın çözüm üstünə.

 

Gəldim Eşqə - düşdüm qana,

Oldum ədalətdən yana.

And olsun verdiyin cana -

Bu çoxum, azım üstünə.

 

Qorxdum düşəm dil-ağıza,

Öldüm şeir yaza-yaza..

Çatmadım yaya, payıza,

Qış düşdü yazım üstünə.

 

Mən də bir qərib səyyaham,

Ucuz tutuldu çox baham.

Son nəfəs çəkilən “ah"am,

Əl yetir sızım üstünə.

 

Bəd işlərdə əlim olmaz,

Qaranlıq əməlim olmaz.

Danışmağa dilim olmaz -

Tək alın yazım üstünə.

BİR OVUC DİLƏK

İlahi, harada başın qarışıb,

Buralar hiyləylə, fəsadla dolub.

Axı sən bu qədər uzaq getməzdin,

Yoxsa tərk etmisən məni, nə olub?!

 

İlahi, nəzər sal, “doğru” yalanlar,

Əzib həqiqəti gedirlər axı.

Mənim haqlarımı oğurlayanlar

Sənə hörmətsizlik edirlər axı.

 

Özünü sənə tay sanır çoxları -

Sən ki pisliklərdən zövq almayırsan...

Niyə insanlıqda adı yoxların

Başına mən boyda daş salmayırsan...

 

Ölülər yurdunu zülm alıb yenə,

Gəl ərit qəlblərdə sevgi qarını.

Mən ki vəfalıyam hər zaman sənə,

Sən də göstər mənə etibarını.

 

Bu gecə könlümdən bax istəyimə,

Mən də bir ölüyəm, qurbanın olum.

Bu xalqa xoşbəxtlik istəməyimə,

Yox demə, bir ovuc torpağın olum.

                              ***

İlahi, bu ağıya bənzəyən nə səsidir?

Mənim məhkumluğumun neçənci həftəsidir...

 

Gör mənim halımı ki, arada en aşağı,

Əlindən yapış barı qəhr yüklü uşağın...

 

İstərəm çıxım gedim qaldığım uzaqlıqdan,

Qorxuram bayırdakı ümidsiz azadlıqdan...

 

Yenə də qarmaşa var, yenə çatılıb qaşlar,

Xəbərləri gətirir pəncərədən bayquşlar...

 

Əyilib qədd, bitib sədd, hüquq yoxdur, yoxdur hədd,

Hər yerdə eyni yanğı, eyni qoxu, eyni dərd...

 

Niyə hamı hamıdan gözlərini qaçırır,

Deyəsən, yeni dünya qara günə açılır...

 

Hər tərəf boş, qaranlıq, gözlərdəsə atəş var,

Mənim üçün üzülmə, ürəyimdə günəş var...

 

Amma kəsilsin bu səs, bu uğultu, bu ağı,

Qırılmasın mənimlə olan o könül bağın.