Adil Şirindən İKİ ŞEİR

Ədəbiyyat 08:50 / 20.06.2024 Baxış sayı: 2789

QUMLU SAHİL, GÖY DƏNİZ

 

Dalğa dalğanı qovur,

Yay günü coşqun dəniz.

Qum üstundə xatirələr,

Qum üstündə bir cüt iz.

 

Küləklər aparır sözlərimizi,

Dalğalar yuyur izlərimizi...

 

Ayrıliğin sonunda

Nəmli gözlərin,

Ayrılıgin sonunda

Qəmli gözlərin.

 

Ayrılığın sonunda

Qumlu sahil, göy dəniz...

Mən yenə yalqızam,

Mən yenə sənsiz...

 

Qum üstündə adını

Yazıram dalğa yuyur.

Nə sən bilirsən bunu,

Nə də ki, dəniz duyur...

 

Mən yenə yalqızam,

Mən yenə sənsiz.

Ayrılığin sonunda

Qumlu sahil, göy dəniz...

 

 

         ***

Bu sevgi bir xəyaldı,

Aradan illər keçib.

Bu gözəlim dünyada

Bu sevgi bizi seçib.

 

Bizi seçib bu həsrət,

Bizi seçib bu qürbət.

Səni sevdim yalançı,

Səni sevdim yabançı.

 

Yenə dəniz, yenə yay,

Yenə göy üzündə Ay.

Yenə quşların səsi,

Sanki hicran nəğməsi.

 

Sevgi cənnət quşudu,

Uçursan geri dönməz.

Şam kimi yanar könül,

Şam kimi yanar sönməz.

 

Uzaqlarda bir bulud,

Uzaqlarda bir gəmi.

Silinməz üz-gözümdən

Bu sevginin dərd-qəmi...

 

Yenə dəniz, yenə yay,

Yenə göy üzundə Ay.

Səni sevdim yabançı,

Səni sevdim yalançı.