Vasif  Süleyman - Yeriydi.

Ədəbiyyat 15:05 / 05.11.2026 Baxış sayı: 377

 

 

Qaçdım arxasında köçüm yetmədi,

Çölüm parçalandı, içim yetmədi.

Onsuz da pozmağa gücüm yetmədi,

Qismət yollarıydı, tale yeriydi.

 

Gözlərə gəlməyən röyasan, dedi,

Tapmazsan, təzədən arasan, dedi.

Cəmisi ikicə misrasan, dedi.

Vallah, bir şirincə nalə yeriydi.

 

Yüz şərdən keçmişəm bu "şər"ə kimi,

Saldılar düşməzə-düşərə kimi…

Demədim… Yandırsın məhşərə kimi,

Dərdimi deməyin əla yeriydi.