Əlisəfa  Azayev - GÜNAH İŞ

YAZARLAR 12:25 / 05.11.2026 Baxış sayı: 550

 

Hakim Vəli Günəşli təcrübəli adam olsa da, ömründə bir dəfə çox pis səhvə yol verdi. Sonra nə qədər çalışsa da, bu səhvini düzəltmək ona nəsib olmadı. Əslində buna onun baxışı, zənincə səhv də demək olmazdı. Ancaq di gəl ki, qəribə xarakterli bir adamla qarşılaşmışdı.

Həmin gün o yenə də qara rəngli mantiyası əynində, hakim kürsüsündə əyləşmişdi. Əlindəki cinayət işinə baxırdı. Oğurluq işi idi. Səsləndi:

  • Müttəhim, qalxın! Son söz sizindir...

Müttəhim isə yerindən qalxsa da, məhkəmə prossesi boyu olduğu kimi yenə də susub qaldı, bir söz demədi. Belə olduqda hakim tərislənmiş halda soruşdu:

  • Belə niyə, dilim yoxdur?

Müttəhim də eyni həyəcanla onun sözlərinə cavab verdi:

  • Dilim?.. Niyə, var... Ancaq bilirəm ki, deyəcəklərimin heç bir nəticəsi olmayacaq...
  • Olar...
  • İnanmıram!..
  • İnanın...

Oğlan təsirlənmiş halda udquna-udquna bildirdi:

  • Cənab hakim, axı işdən də görünür... Bu qurama bir işdir. Məni şərləmək, gözdən salmaq, oğru hesab etmək istəyirlər ki, o qıza yaxın durmayım.
  • Hər şeyi olduğu kimi deyin.
  •  Deməyimin nə faydası?
  • Bunun ancaq sizə köməyi dəyə bilər.
  • Çətin...
  • And içirəm...
  • Müqəddəs kitaba?
  • Bəli.

Oğlan ona inam gətirib, hər şeyi olduğu kimi dedi. Və məhkəmədən ona inanmağı təvəqqə etdi.

  • Məhkəmə hökm  etdi...

Oğlan bütün bunları qətiyyən gözləmirdi. Ona verilən cəza çox sərt oldu: yeddi il həbs! Guya ki, oğlan onlarda olarkən gizli daxıldan xeyli pul götürmüşdü. Şahidlər də tapılmış, təsdiq edirdilər.

Hökm  elan olunub qurtaranda, o, həyəcanlı halda dedi:

  • Cənab hakim, siz çox böyük günah: bağışlanmaz səhv etdiniz!..
  • ...
  • Bunun üçün cavab verməli olacaqsınız!..

Polis nəfəri bu vaxtı əlini onun ağzına tərəf apararaq:

  • Sakit!.. Sus!.. –deyə ona açıqlandı. – Məhkəməyə hörmət-izzət göstərilməlidir!..
  •  Daha belə hakimə yox da...
  • Cəzanı çək, sonra hər şey yoluna düşər...

Beləcə, Yusif həbs olundu, cəzasını çəkmək üçün  islah-əmək kaloniyaların birinə göndərildi. Sakitləşə bilmirdi. Özünü həmişə aldadılmış, təhqir olunmuş  bir adam kimi hiss edirdi. Məhəbbət, həyatda tutduğu mövqeyi, bir sözlə hər şeyi məhv, alt-üst edilsə də, bəlkə də onu daha çox ağrıdan, sıxan hakimin yersiz hərəkətləri oldu. Onu inandırmasaydı, dinməyəcək, susub qalacaqdı. İndi odur ki, ona yazdığı məktubda hər şeyi göstərirdi...

Həmin məktubu hakim bir prosses ərəfəsi aldı və bu səbəbdən də qanı çox qaraldı. Məktubdan da hiss olunurdu ki, oğlan ondan bərk incimişdir: “Siz sadəcə mənə yox, öz andınızı danmaqla böyük yaradana da hörmətsizlik elədiniz. Bu səbəbdən də cavab verməli olacaqsınız. İnsan bu qədər qəddar, amansız olmaz! Sizin hakimlik adını daşımağa haqqınız, ləyaqətiniz yoxdur!..”

Hakim az-çox həyat görmüş adam idi. Onu istintaqın çənginə verib, işinin üstə iş gətirmək istəmədi. Öz-özünə pıçıldadı: “Cavandı da... Yola vermək lazımdır...” Daha çoxu elə baxdığı işin qaydasında  olmaması onu bu hərəkətdən çəkindirdi. Bu səbəbdən də oğlanın sonrakı hərəkətləri baş alıb getdi, onu əsl mənada pərt elədi, çıxılmaz vəziyyətdə qoydu.

Bir dəfə bu məqsədlə ona cavab məktubu yazmaq, apelliyasiya şikayəti hüququ olduğunu izah etmək istədi. Ancaq nədənsə  çəkindi, beləcə hərəkət etmədi. Bəlkə də o məktub yazılsaydı, oğlan sakitləşər, təsəlli tapardı.

Kalonda türmə yoldaşları ondan soruşanda ki, nə üstə tutulub, Yusif pərt olur, mızıltı ilə deyirdi:

  • Daha demə, qardaş... Bir haqsızlığın qurbanı olmuşam!..
  • İnsafsız hansı oldu? Müstəntiq, prokuror, yoxsa hakim?
  • Elə hər üçü...
  • Bax da, ay insafsızlar...

Oğlan ağlamsındı:

  • Müstəntiqi, prokuroru bir qədər qınamıram. İstintaqdı da, səhv edə bilərlər. Bu isə hakim idi axı... Hər şeyi araşdırmaq, aydınlaşdırmaq vəzifə borcu idi. Nə qədər inad etsəm də, hadisə yerinə baxəş keçirmədi, əlavə ekspertiza təyin etmədi. Elə bil ki, onu haradasa gözləyirdilər. Tələsirdi ha...
  • Yəqin görüşə tələsirmiş də...
  • Hə... Elə tez-tələsik işə baxdı. Hirsimdən son söz də demək istəmədim...
  • Sözünü əvvəl deməmişdin?
  • Demişdim... Ancaq tam yox. Bunu özü də bildi... Təhkid etdi. Dedim ki, deməyinə nə faydası ey. Sifarişlə görünən işdi də... Sözlərim onu tutdu. Dedi ki, sən fikrini de, nə lazımdı edəcəyəm... Kömək etdi də... Hətta ona inanmaq üçün and verdim. Andı qəbul elədi. Müqəddəs kitabımıza and içdi...
  • Sonra sözünə əməl eləmədi?
  • Yox...
  • Onlar belədi də... Əbləh!.. Bəs nə bilirsən. Deyirlər ki, bizim məhkəmə dünyəvi məhkəmədi. Şəriət məhkəməsi deyil. Burada anda yol verilmir.
  • O isə and içdi axı.
  • Elə-belə səni yola vermək üçün içib də.
  • Hər halda and  içdi də. Bəyəm Müqəddəs kitaba elə-belə and içmək olar?!.
  • Yox... Düz eləməyib də...
  • Elə mən də onu deyirəm də!..

Belə söhbətlər çox təkrarlandı... Günlər, aylar, illər də beləcə gəlib keçdi. Yusif həbsdən buraxıldıqdan sonra düzbir məhkəməyə gəlsə də, hakimi yerində görmədi. Məhkəmə zalında işə baxırdı.

Fasilə vaxtı adamların arasından keçib içəridə əyləşdi: Birdən hakim diksinən kimi oldu. Sanki iki qəzəbli pələng gözü ona baxırdı, zillənmişdi... Səslənməyə, oğlana bir söz deməyə taqəti olmadı, əlindəki nə idisə ona tuşlanmışdı...

  • Ah... –deyə o stoldan yıxıldı. Bir andaca aləm bir-birinə qarışdı. Onu sakit halda otağına gətirib, divanda uzandırdılar. Həkim də çağırtdırıb gətirmişdilər. Ağ xalatlı həkim cibindən fonendeskopunu çıxarıb, bir daha onu müayinə etdi, iynə vurdu, atması üçün dərman verdi:
  •  Görünür soyuq olub... Özünüz də həyəcanlanmısınız.

Hakim xırıldadı:

  • Doktor... Bizim işimiz...
  • Bilirəm...
  • Çox ağırdır...
  • Həm də pullu, dolanacaqlıdır...

Hakim onun bu sözlərinə laqeyd halda əlini yellədi, pıçıldadı?

  • Zalım oğlunu... Mən ölüm üstəyəm... Bunu nələr maraqlandırır?..
  • Hə?.. Pul belədi də... Olunası da pis, olmaması da pis... Hər iki halda başa bəladı...
  • Orta... Dolanacaq olsun. Bir də ki, bunu az-çox başa düşməyənlər var da hələ...
  • Bəli...
  • Bilirəm... Elə biri bu gün... Mənə namə yazmaqdan cana doydurub... Deyəsən, burada idi...

Məhkəmənin iclas katibi tez əl-ayağa düşdü:

  • Kimi deyirsiz, cənab hakim? O dindarı, saqqalını deyirsiniz?
  • Hə...
  • Bu dəqiqə onun anasını ağladaram!..
  • Dəymə... İşin yoxdur... Ancaq nəzarət edin də. Görün içəri kim girib-çıxır... Əlində nəsə tutmuşdu...
  • Polisə xəbər verək də...
  • Yox... Qalmaqal yaratma.
  • Yaxşı, siz deyən olsun...
  • Bilmədim əlindəki nə idi... Bıçaq, yoxsa ...
  • Ondan hər şey gözləmək olar. Qoyun polisə bildirək...
  • Dedim də... Lazım deyil. Söz-söhbət təzə kəsilib.

Bir də onun sərt baxışı ilə ailəsi ilə rayonlarına getmək istəyəndə qarşılaşdı. Az sonra da bələdçi ona bir kağış parçası gətirdi. Orada yazılmışdı: “Bıçaq-burunu olmaq istəyirsinizsə, qatara minin”. Daha o hakim işləmirdi. Bu yazının ona məxsus olduğunu da bilmirdi. Bələdçiyə yaxınlaşıb kal bir səslə soruşdu:

  • Bunu kim verdi?
  • Qatarda olan bir oğlan.

Ağır düşüncələrə daldı. Bir ağılsızla söz güləşdirsin, mübahisə, dava-dalaş etsin? Yaxşısıbu idi ki, səfəri təxirə salsın. Arvadı soruşsun:

  • Bəs getmirsən, qatar tərpənir.
  • Bilirəm... Yox...
  • Nə üçün?!.
  • Belə məsləhətdi...
  • Bəs biletləri neyləyəcəksən?
  • Qaytaracağam.
  • Uşaqlar incimiş halda dilləndilər. Səs-səsə verdilər:
  • Ay ata!..
  • Yaxşı eləmədim də...
  • Nənəm də bizi qarşılayırdı...

O, ağır nəfəs ala-ala yaxınlıqdakı oturacaqda əyləşdi, gülümsədi:

- Hər işdə bir xeyir var. Bəlkə də elə düşərlisi bu olacaq. Növbəti qatarla gedərik də.

Sonrakı qatarla rayona yola düşüb evə çatsalar da, yenə də narahatlıq içində qaldı. Həyətə düşəndə də ehtiyatlanırdı. Ayaqyoluna gedəndə də...

Qanşu kəndə, hüzür məclisində olarkən həmin küt baxışla bir daha qarşılaşdı. Sonra da evə gələndən sonra telefonda xeyli mübahisələşdilər:

  • Sən haqlı deyilsən!
  • Mən haqlıyam. Heç nədən ömrümün yeddi ilini qara yellərə verdiniz. Hələ bir diliniz də var ki, danışırsınız. Bəs o müqəddəs kitaba and içən kim idi?! Mən, yoxsa siz?!
  • Bəlkə də... Unutmuşam...
  • Belə səhv heç vaxt bağışlanmır! Uşaq deyildiniz ki, səhv edəydiniz?! Səlahiyyətli, ahıl adam idiniz!..
  • Nə deyirsən, nə istəyirsən, mən hazır...
  • Heç nə! Sadəcə olaraq cavab verəcəksiniz... Qanınızla,canınızla!.. Böyük Allahın, peyğəmbərin adına yaraşan deyil sizin bu hərəkətləriniz!..
  • Bilirəm... Peşimanam...
  • Artıq sizin bu peşimançılığınız fayda verməz...

Sabiq hakim bilmirdi ki, bu vələdüznaya necə cavab versin. Bəlkə də haqlı idi. Ancaq olan olmuşdu da. Ola bilsin o da fikirli, əsəbi olmuş, həddi keçmişdi. Ancaq zaman, vaxt hər şeyi həll edir axı. Gör o vaxtdan neçə il keçmişdi. Bəlkə də artıq düz on il... Bu isə hələ də ondan əl çəkmir, köhnə palan içi açıb-tökürdü. Səsləndi:

  • Məni qorxuda bilmərsən!..
  • İndi belə oldu?!
  • Bəli...
  • Baxarıq!..

Bu hökümlü səs indi daha çox qətiyyətləşmiş, ötkəm olmuşdu:

- Hə, niyə susursan?! Bunu yaxşı-yaxşı yadda saxla, mən dediyimi əməl edən oğulam!..

Belə qara-qorxu içində yaşamaqdan lap cana doymuşdu. Qərara aldı ki, orqana müraciət etsin. Ancaq di gəl ki, bu barədə necə yazacağını, söhbət açacağını hələ də bilmirdi: “Deyirəm ki, bir işdir olub də... Adam lap vicdan əzabı çəkir... Mən onlara necə deyim ki, onda xahiş etmişdilər, bir qədər səlahiyyətimdən kənar, kobud, xoşagəlməz işlər görmüşəm...”

O, həmin gecəni demək olar ki, yatmadı... Sonrakı günlər də qara-qorxudan elə mətbəxdə yatırdı. Buranı daha gizli, təhlükəsiz bilirdi. Rasquladuşkada. Arvad-uşağı canının dərdindən qohum evinə göndərmişdi. Gecənin yarısı telefon yenə zəng çaldı:

  • Allo!..
  • ...
  • Sən dillənəcəksən, ya yox?!
  • ...
  • Mən sənə susmağı göstərərəm!

Səhəri gün həmin qara kölgə onu rayon mərkəzində xeyli təqib elədi. Əlacsız qalıb polis şöbəsinəgetdi. Rəsmi yazıb bildirdi. Ancaq nə qədər eləsələr də həmin oğlanın şəxsiyyətini, harada yaşadığını müəyyən edə bilmədilər. Köçüb getmişdi.

Evlərinə gələndə lap başını itirən kimi oldu. Kimsə onu çağırdı. Ətrafına baxdı. Heç kimi görmədi. Səs isə təkrar olunmaqda idi:

  • Ə, səninlə deyiləm?!.
  • ...
  • Məni eşitmədin?!.
  • ...
  • Bax belə!.. İndi quzu tək dayanarsan...
  • Hə... Siz...
  • Bəli, mən...

Vəli taqətsiz halda alaqaranlıqda gözünə sataşan oturacağa tərəf süründü... Artıq tam heysizləşmişdi, addım atmağa halı olmadı. Həmin kobud, vahiməli səs yenə eşidildi:

  • Sən  hələ sağsan?!.
  • ...
  • Allahın səbri böyükdür, gec öldürür, güc öldürür!..
  • Mən...
  • Yox, sən heç də ölənə oxşamırsan!..

Sabiq hakim vahimə içində ona baxa-baxa udqundu, titrədi, gözləri doldu, ürəyinitutaraq son dəfə səsləndi:

  • Mən ölürəm!.. Günah sahibiyəm!..