Əliağa Kürçaylı - “İstərəm”

Ədəbiyyat 09:29 / 05.11.2026 Baxış sayı: 607

 

Mən sənin eşqinin asimanında

Aya, ulduzlara çatmaq istərəm.

Min-min səadəti boyunbağıtək

Mən sənin boynuna atmaq istərəm.

 

Bir sən, bir mən olum, bir uçuq kaha,

Heç nə istəmirəm taledən daha.

Bütün kədərini alıb çox baha,

Sevinci havayı satmaq istərəm.

 

Yaşayım yüz il də, milyon da, min də,

Həyatım bitəcək həmin o gündə.

Sənin gözlərinin dərinliyində,

Boğulmaq istərəm, batmaq istərəm