Elnur  Uğur  Abdiyev - İlahi, bu tıxacda azmamaq təhlükəsi

Ədəbiyyat 11:40 / 05.11.2026 Baxış sayı: 560

İlahi, bu tıxacda azmamaq təhlükəsi,

Bir də qırmızı işıqda,

Keçə bilmədiyim yolun göz yaşları,

Maşınların şit siqnal səsi.

İlahi bu tıxacda,

Yolun o biri üzündə,

İçindən göynəyən bir üz,

Məni gözləyir

söz-söz

heca-heca

Sarılacaq boynuma gələcək.

İlahi, bu tıxacda

Bu son dayanacaq,

Əlində bilet olanlar minəcək,

Piyada gəldiyim yolda

Məni bir marşrut arxadan qovacaq.

Mən məndən arxada nə varsa unutdum,

Üzümü sabaha tutdum

Axı sabahların adamı doğulmuşdum mən.

Addımlarımla hər ürəkdə adımı doğmuşdum mən.

İlahi, bu tıxacda,

Tıncıxır nəfəsim,

Özümdən soyuyur əlim.

Yolun o biri üzündə,

Mənlə isinən mənə açılan o əlin,

Ovuclarına sürtmək üstərkən üzümü,

Qıyma üzünü döndərə o üz