Tofiq  Əmrahov - Sevginin göz yaşları...

YAZARLAR 11:42 / 28.08.2026 Baxış sayı: 1178

 

(Hekayə)

Sanatoriyanın həyətində fikir-xəyal içində gəzişirdim.

Ovsunlanmışdım elə bil...

Elə deyəsən, onu da mən ovsunlamışdım.

Gözəl idi...

Həqiqətən çox gözəl idi.

Amma deyiblər ki, çox gözəl olmaq da həmişə xoşbəxtlik gətirmir.

Bu fikir hardansa gəlib beynimə ilişmişdi.

Öz-özümə deyinirdim:

— Görəsən, nə əcəb indiyə kimi onu sevən olmayıb?

Sonra yenə özümü danlayırdım:

— Sən nə danışırsan? Görmürsən, o da çox cavandır? Uzağı iyirmi beş-iyirmi yeddi yaşı olar...

Yəqin ali məktəbi bitirən kimi bura təyinat alıb.

Bəlkə də...

Bəlkə də həyatında hələ heç kim olmayıb.

Bəlkə də olub...

Bəlkə də kimisə sevib.

Bu fikir ürəyimi sıxdı.

Öz-özümə acıqlandım:

— Sənə nə dəxli var? Bir gündür tanıyırsan, artıq onun həyatını sorğu-sual etməyə başlamısan.

Amma ürək ağıldan icazə istəyirmi?

Mən bu sorğu-sualın içində çabalayırdım.

Bir sualın cavabını tapmamış o biri sual doğulurdu.

Görəsən, subaydır?

Görəsən, nişanlıdır?

Görəsən, həyatında biri var?

Görəsən...

Bu “görəsən”lərin içində az qala özümü itirmişdim.

Birdən...

Arxadan ayaq səsləri eşitdim.

Dönüb baxdım.

Yenə həmin o ağ xalatlı xanım...

Bir anlıq yerimdə donub qaldım.

O da məni gördü.

Bu dəfə gözlərində dünənki təəccübdən başqa bir şey vardı.

Sanki o da məni axtarmışdı.

Sanki bu görüş təsadüf deyildi.

Bir neçə addım aralıda dayandı.

— Buradasınız?

Səsi sakit idi.

Amma o sakitliyin altında gizlənən həyəcanı mən hiss etdim.

— Bəli...

Başqa söz tapa bilmədim.

O da susdu.

İkimiz də bir-birimizə baxırdıq.

Dünən bir baxış idi...

Bu gün isə artıq iki baxış arasında yaranmış bir sirr vardı.

Və mən həmin an ilk dəfə düşündüm:

Bəlkə də sevgi elə belə başlayır...

İnsan heç nə demir.

Amma ürəyi artıq hər şeyi deyir...

Davamı var...