Şakir Xanhüseyinli - AĞIRLIQ AĞIR OLMAQMI
Məni qoy o tərəzinin
bir gözünə, göydə qalar--
Dedin, belə dedin mənə--
amma dərdim ağırdı ha...
Bəs necə ağırlayırsan
o dərdi sən, söylə
nəylə...
Dərdə gəl-get anladırsan
ya bəlkə bir işarəylə?
Ağırlıq ağır olmaqmı,
gecə keçir, sökülmür dan.
Bilsən, ağırlıq deyəndə
ağrı da düşünür adam;
Birdən kimsə üzə durar:
nə ağrı var, nə ağırlıq...
Canımızda, sanasan kı,
hey ağrı ağırlayırıq,
Əziz tuturuq həmişə;
ürək açıqdı hər qəmə...
Ağırlaşırıq günbəgün
çəkdiklərimiz ilə, hə...
Gözlərin bəzən yol çəkir,
çəkisini bilmirsən ki.
Yüngül çəkir çox ağırı;
eh, adı daş tərəzidi...
Bir gözünə daşı qoysan,
yox yenə ağır tərəfi...
Əyilən adam əlində
tərəzi heç düz çəkər ki...
Bəzən deyirsən dağım dağ,
dağım-dağım bir ürək nə;
Dərdini boya çəkirsən,
olur, üzünə, gözünə...
Ağıla gələn deyil ki,
tərəziylə çəkilə qəm...
Bax, qədəhimi endirib
sağlığına and içirəm!..