Təranə Məmməd - O böyük insan.

YAZARLAR 08:38 / 16.11.2026 Baxış sayı: 2185

 

Rayonun ən yaxşı mehmanxanasında gecələdim.

Ertəsi gün ünvanını təxminən bildiyim yaşlı bir qadının evinə getdim. Bakıdan gəldiyimi bilib artıq sual vermədən məni evə dəvət edən qadının yaşı çox olmasına baxmayaraq çox gümrah idi.

Qadın mənə qəşəng çay süfrəsi açdı və

gəlişimin səbəbi ilə maraqlandı.

Mən özümü jurnalist kimi təqdim etdim və illər öncə bu rayonda baş vermiş bir qəza haqda ətraflı məlumat toplamaq üçün gəldiyimi söylədim.

Qadın mənimlə üzbəüz oturub danışmağa başladı.

- Həəə. Başa düşdüm. Kişi ölənə qədər yuxusunda görürdü o uşağı. Oğlum neçə dəfə getdi həmin uşağın anasının yanına.

Ehh, ay bala... Kaş mən öləydim o vaxt,- deyə xala ağlamağa başladı.

- Xala, sən mənə hər şeyi olduğu kimi danış. Mən jurnalistəm və əhvalatı oxuculara dəqiq çatdırmaq istəyirəm- dedim.

Xala gözlərini örpəyinin ucuyla silib davam etdi:

- O ğün kişi işdən tez qayıtmışdı. Dedi ki, dostlarıyla yığışırlar və maşına oturub həyətdən çıxdı.Elə bir qədər keçmişdi ki, haray düşdü. Hamı küçəyə çıxdı. Dedilər ki, bax bu evin qabağındaki küçədə bir uşağı maşın vurub.

Hamı tökülüşdü. Uşaq velosipedlə yolu kecəndə maşın onu vurub. Bütün rayon tökülüşdü buraya.

Birdə gördüm bizim kişi gəlir. Əlləri əsir, rəngi qaçıb. Dedi ki, evimiz yıxıldı, arvad. Uşağı mən vurdum.

Ay Allah! Uşaq elə yerindəcə keçınmişdi.

Mənim qulaqlarım batmışdı sanki. Heç nə eşitmirdim, heç nə görmürdüm. Bir onu eşitdim ki, hamı qışqırır ki, uşaq polis rəisinin oğludu. Sonrasını bilmədim. Ordaca ürəyim getdi.

Nə isə, ölmədim, bala,

amma, həyatımızın bitdiyini hiss edirdim. Uşaq elə bizim oğlumuzla yaşıd idi.

Birdən, eləbil güc gəldi, bala, mənə. Durdum, oğlumun əlindən tutub getdim rəisin evinə.Girdim düz rəisin yanına,dedim:

-Bax,bu mənim oğlumdur. Övlad itkisi böyük dərddi. Al! Sən də mənimkini öldür! Öldür ki, anasının ürəyi soyusun!

Kişi üzünü çevirib otaqdan çıxdı.

Allah! O gün mən ölmək istəyirdim. Dözə bilmirdim bu dərdə. Rəhmətlik bizim kişi lap ölmüşdü, dili tutulmuşdu, əlləri əsirdi.

Nə isə... Gecə gəlib kişini apardılar. Səhərə kimi nə mən, nə oğlum yatmadıq.

Səhər tezdən gördüm qapı açıldı, kişi girdi içəri.Başladı ağlamağa .

Ağlaya-ağlaya dedi ki, məni bağışladılar. İnanmadım. Amma sonradan bildim ki, rəis deyib ki,mən şikayətci deyiləm,uşağı atasız qoymayın, buraxın, getsin.

Bilirsən, bala, bilmirəm mən elə hərəkət edə bilərdim?

Yəqin ki, yox. Eliyə bilməzdim . Amma o, elədi.O, oğlunun qatilini bağışlaya bildi. O, çox böyük bir insan idi. Biz qərara aldıq ki, köçüb gedək buralardan.

Onlar köçdü. Uşağın qırxını verib kişi ərizəsini yazıb işdən çıxdı və Bakıya köçdü. Bilmirəm sağdı ya ölüb. Bu əhvalat çoxdan olub. Hər halda, Allah ona rəhmət eləsin! Deyirlər, rəhmət diriyə də var, ölüyə də. Bax belə,bala. Bizim rəhmətlik kişi ölənə kimi o ailəyə dua edirdi. Elə mən də.

Eşitdiyim hadisəni təqribən bilirdim. Təfsilatıyla bu gün öyrəndim.

Ailəmizdə bu haqda heç kim danışmır, keçmişə qayıdıb o illəri yenidən yaşamaq istəmirdi.

Mən mehmanxanadan çıxıb maşına oturdum. Yolim uzaq idi. Bakıya qayıdırdım.

Çox surətlə gedirdim . Evə tələsirdim.

Canımdan çox sevdiyim atamın əllərindən öpməyə tələsirdim. Ömrünü cinayətlərin acılmasına, canilərin, qatillərin cəzalandırılmasına həsr edən, lakin oğlunun qatilini bağışlayan atamın əllərindən öpməyə tələsirdim...