Tahir Rzayev, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri : -ABŞ-ın özəl demokratiyasının "sərsəmliyi"

Artıq dünyanın əksər ölkələri Amerikanın bir çox rəhbərlərinin, siyasi dairələrinin demokratiyaya və sülh çağırışlarına inanmır və demokratiya pərdəsi altında hansı faciələrə imkan yaradılmasına şahiddirlər. Bəzi amerikalı siyasətçilər bəşəriyyətin gözü qarşısında özlərinin anti-demokratik çıxışları, hərəkətləri ilə nəinki insan hüquq və azadlıqlarının qorunmasını təmin edir, dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırlar, əksinə, beynəlxalq norma və prinsipləri ciddi surətdə pozaraq, dövlətlər arasında ziddiyyətlərin kəskinləşməsinə, yeni müharibə ocaqlarının yaradılmasına rəvac verirlər. Son illər İraqda, Suriyada, Əfqanıstanda, Misirdə, Livanda, Liviyada və digər regionlarda baş verən qanlı münaqişələr, insanların kütləvi tələfatı bunu deməyə əsas verir.
Sözsüz ki, adları çəkilən ölkələrdə qarşıdurmaların baş verməsində Amerika siyasi dairələrinin rolu var və bu fəlakətlər məhz demokratiya pərdəsi altında həyata keçirilmiş və keçirilməkdədir. Sual oluna bilər ki, bu saxta demokratiya bu ölkələrdə insan hüquq və azadlıqlarını, demokratik təsisatları təmin edibmi? İnsanların həyatı yaxşılaşıbmı? Ölkələr inkişafa, tərəqqiyə nail olublarmı? Əslində, bu ölkələrdə xaosdan, özbaşınalıqdan, insan tələfatından, yoxsulluqdan, xəstəliklərdən başqa ayrı heç nə baş verməmişdir. Axı, belə demokratya kimə lazımdır, qardaşı qardaşa, milləti millətlərə qarşı qoyan demokratiya iyrənc, bəşəriyyətin taleyinə zidd vasitədir.
Çox təəssüflər olsun ki, amerikalı bəzi diplomatlar, siyasətçilər bu yolu-insanların faciəsi üzərində həyata keçirilən yolu uzun müddət davam etdirirlər və bu gün də davam etdirməkdədirlər. Azərbaycana münasibətdə də bu davranış özünü aydın göstərir və hər an hiss olunur. 30 il Azərbaycan torpaqları erməni təcavüzkarlarının işğalı altında oldu, bir milyondan artıq vətəndaşlarımız özlərinin ağrılı-acılı günlərini yaşadılar, min bir əzab-əziyyətə qatlaşdılar. Qaradağlı, Xocalı soyqırımları törədildi, minlərlə dinc sakin qətlə yetirildi, şəhər və kəndlərimiz xarabazarlığa çevrildi. Minlərlə əsir alınan azərbaycanlının taleyi hələ də məlum deyil. Ermənistan rəhbərləri və, siyasətçiləri azərbaycanlıların gözlərini çıxarmaqla, başlarını kəsməklə, dərilərini soymaqla, od-ocaqlarını yandırmaqla, tarixi, dini-mədəni abidələrini məhv etməklə, meşələrini qırmaqla, yandırmaqla, çaylarını, göllərini zəhərləməklə, torpaqlarını minalamaqla fəxr etdiklərini mötəbər tribunalardan açıq-aydın səsləndirirlər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əhəmiyyət verib ərazilərimizi silahlı birləşmələrdən azad etməli olduqları halda susdular, Ermənistana qarşı heç bir tədbir də görülmədi.
ATƏT-in Minsk Qrupunun həmsədri kimi, həm də dünyada söz və güc sahibi kimi ABŞ Azərbaycanın haqq-ədalət çağırışlarına heç bir əks səda vermədi. Əksinə, təcavüzkar Ermənistana dəstək verildi, ona maddi yardım ayrıldı. Amerika parlamenti, amerikalı deputatlar, diplomatlar dövlətimizin və xalqımızın əleyhinə qətnamələr qəbul etdilər, heç bir fakta əsaslanmayan, Ermənistanın mövqeyini dəstəkləyən fikirlər səsləndirirlər. 44 günlük müharibə günlərində Ermənistanın dinc şəhər və kəndlərimizi raket atəşinə tutduqları, yüzlərlə mülki əhalini qətlə yetirdikləri o anlarda da Amerika səsini çıxarmadı, demokratik, insan hüquq və azdlıqlarını müdafiə edən, haqqın-ədalətin tərəfində duran bir ölkə olduğunu sübut etmədi. Bütün bunlar deməyə əsas verir ki, Amerikanın bir çox siyasi dairələri sülhün, əminamanlğın, demokratiyanın tərəfdarı yox, münaqişələrin, müharibələrin, qanların axıdılmasının, dünyada dövlətlər və xalqlar arasında qarışıdurmaların tərəfdarıdırlar. Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu günlərdə Ermənistana səfəri və səfər zamanı Azərbaycanın, Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar buna bir daha sübutdur.
Pelosi Ukraynada müharibənin başlanmasının əsas səbəbkarlarındandır. O, Tayvana səfəri zamanı da yeni bir müharibə ocağını alovlandırmağa cəhd göstərmişdir. Yunanıstanı Türkiyə ilə savaşa təhrik edən, qızışdıran da, Kipr üzərindən silah embarqosun götürən də Amerika Birləşmiş Ştatlarıdır. Nensi Pelosinin Ermənistana səfəri də sülh, xeyirxahlıq məqsədi daşımır. Çünki o uzun müddət ermənilərin dedikləri ilə hərəkət edən, millətçiləri dəstəkləyən, onların maddi vəsaitlərindən yararlanan bir insandır. Fəaliyyəti dövründə həmişə antiazərbaycan, antitürk mövqeyi ilə seçilən, qatı ermənipərəstliyi ilə ermənilərin sevimlisinə çevrilən Pelosi bu gün də öz xislətinə, insanlıqdan uzaq baxışlarına, ölkələri qarışdırmaq, müharibəyə sövq etmək ənənəsinə, Azərbaycanı dünyada düşmən kimi təqdim etmək istəklərinə sadiqdir.
Bu gün dünyanın bir çox sülhsevər dövlətləri Cənubi Qafqazda sülh yaratmağa, təhlükəsizliyi təmin etməyə, Ermənistanı tutduğu təcavüzkarlıq əməllərindən əl çəkməyə, regionda nəqliyyat kommunikasiya sistemini yenidən qurmağa səy göstərdikləri bir vaxtda Nensi Pelosi kimi avantürist siyasətçilərin sülh danışıqları ərəfəsində olan və müəyyən razılaşmalara gələn Azərbaycanla Ermənistan arasında yeni münaqişə yaratmağa cəhdlər göstərmələri beynəlxalq hüquq normalarına, BMT-nin nizamnaməsinə tamamilə ziddir və Amerika dövlətinin imicinə böyük zərbədir. Amerikalı siyasətçilərin antiazərbaycan fikirləri, əməlləri göstərir ki, onlar Cənubi Qafqazda sabitliyin, sülhün tərəfdarı deyillər və münaqişələrin davam etdirilməsi onların əsas məqsədidir. Nensi Pelosinin və onunla birlikdə Ermənistana gələn digər Konqres üzvlərininin vəzifəsi də məhz Paşinyanı yenidən qıcıqlandırmaq, erməni millətçilərini qızışdırmaq və yenidən müharibəyə sövq etməkdir. Amerikalı sədrin çıxışlarından, yalandan axıtdığı göz yaşlarından, erməni millətçilərinə münasibətindən bu aydın hiss olunur və hər bir azərbaycanlı mənfur amerikalının niyyətini aydın dərk etməkdədir.
Əlbəttə ki, sülhsevər dövlətlər, Azərbaycan reallıqlarını qiymətləndirən və haqqın, ədalətin bərpasını dəstəkləyən ölkələr, siyasətçilər ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi açıqlamaları, söylədiyi fikirləri siyasətçiyə yaraşmayan, əxlaqi və mənəvi baxımdan nöqsanlı olan bir hərəkət, hadisələrə ikili standartlardan yanaşma kimi qiymətləndirirlər və Amerika rəsmlərinin çirkin niyyətindən təəssüflənirlər. Ancaq Azərbaycan bundan heç nə itirmir və bu Prezidentimizin tutduğu sülh, əminamanlıq, mövqeyinə heç bir təsir göstərmir və göstərə də bilməz. Sözsüz, uduzan və getdikcə qul halına çevrilən Ermənistandır. Xarici ölkələrin və siyasətçilərin təsiri altına düşən bu dövlət gündən-günə uçuruma yuvarlanır və öz varlığını artıq itirməkdədir.
İki il bundan əvvəldə, elə bu günlərdə Ermənistanın siyasi-hərbi rəhbərliyi bəzi ölkələrin küyünə getdi, dəstəyinə arxalandı və sentyabrın 27-də daha çox əraziləri işğal etmək məqsədi ilə geniş miqyaslı təxribatlara əl atdı. Ermənistan Azərbaycanın atəşi dayandırmaq, sülhə gəlmək çağırışlarına məhəl qoymadı. Beynəlxalq təşkilatlar, eləcə də Ermənistanı müharibəyə sövq edənlər də susdular, təcavüzkarı dayandırmadılar, əksinə onu ruhlandırdılar, döyüşə səslədilər. Nəticə göz qabağındadır. Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordu və xalq yumuruq kimi birləşdi və düşmənin başına od ələdi. Ermənistan ordusu tamamilə məhv edildi, əzildi, alçaldı. Ermənistan baş naziri, ”Şuşa Ermənistandır” deyən, Şuşada yallı gedən, ermənilərin şücaətindən, ordusunun əyilməzliyindən, zabit və əsgərlərin hünərindən ağızdolusu danışan Nikol Paşinyan bir andaca balacalaşdı, yumağa döndü, müharibəni dayandırmaq, Azərbaycan ordusunu sakitləşdirməkdən ötrü bir çox dövlət rəhbərlərinin ayağına düşdü, yalvardı, göz yaşları axıtdı. Ancaq Ermənistan rəhbərləri ağır məğlubiyyətdən nəticə çıxarmaq-noyabrın 10 da və yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan-Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən dörd görüşdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək-sərhədləri müəyyənləşdirmək, nəqliyyat kommunikasiya sistemlərini tənzimləmək, sülh müqaviləsinin imzalanmasına hazırlıq görmək, düşdüyü ağır iqtisadi-siyasi böhrandan çıxmaq əvəzinə yenə də bəzi ölkələrin yağlı dilinə aldandı və sentyabrın 12-13 -də sərhəddə geniş miqyaslı təxribatlara əl atdılar və tutarlı cavablarını aldılar. Sərhəddə olan bütün erməni hərbi mövqeləri məhv edildi, düşmən xeyli canlı qüvvə, hərbi texnika itirdi.
Əlbəttə, bu təxribatların arxasında bəzi xarici ölkələrin, erməni lobbisini Ermənistan verdiyi yanlış dərslər - müharibəyə getmək, yenidən hücuma keçmək, Azərbaycan ərazilərini işğal etmək dərsləri durur. Nensi Pelosi də bu bədxah məqsədli dərsləri verənlərin başçılarındandır. Onun işlətdiyi ifadələr-Ermənistanı təhlükəsizliyi bizim üçün əhəmiyyətlidir və Azərbaycanın əleyhinə söylədiyi sözlər Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olunmasına xidmət etmir və əslində, münaqişəni qızışdırmaq məqsədi daşıyan anti-humanist addımlardır. O, bu fikirləri ilə şəxsi maraqlarını və siyasi iddialarını insan talelərindən çox üstün tutur, beynəlxalq normaları ayaqlar altına atır, bəşəriyyətə xəyanət edir. Halbuki Nensi Ermənistana səfər edərkən reallıqları-Azərbaycan torpaqlarının 30 il işğal altında olduğunu, öz ərazilərini azad etmək üçün keçdiyi yolları, Ermənistanın təcavüzkarlığını, məğlubiyyətini və bugünkü böhran vəziyyətini, sülhsevər dövlətlərin iki ölkə arasında sülh yaratmaq üçün atdıqları addımları nəzərə alıb Ermənistan rəhbərlərinin başına ağıl qoymalı, onları işğalçı əməllərindən çəkindirməli idi. Dünya isə bunun əksini gördü. Təəssüflər olsun ki, Ermənistan rəhbərləri də bu qan tökmək, münaqişələri qızışdırmaq məqsədində olan və insan qatili kimi tanınan bu insanın yağlı dilinə, yalandan axıtdığı göz yaşlarına inanırlar. Ermənilər bilməlidirlər ki, Nensi və onun kimilərin axıtdıqları göz yaşları, verdikləri vədlər və təlimatlar erməni xalqının xoşbəxtliyi, gələcəyi, böhrandan çıxması üçün deyil, bu dönüklərin şəxsi karyeraları, seçkilərdə qalib gəlmələri, ermənilərdən oyuncaq kimi istifadə etmələri üçündür.
Xalqımız 27 sentyabrı tarixinin ən unudulmaz səhifəsi-anım günü kimi qeyd edəcəkdir. Bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin, şanlı ordumuzun, qəhrəman xalqımızın döyüş imtahanı verdiyi ilk gündür. Bu tarixi gün göstərdi ki, rəhbərimiz və xalqımız imtahanlara hərtərəfli, qətiyyətlə, ağılla hazırlaşıb və ən çətin sınaqlardan keçməyə hazırdır. Biz qalibik, qalibiyyətimizi davam etdiririk və heç bir kənar qüvvə, yad təsirlər Azərbaycan xalqını tutduğu müqəddəs yoldan-Vətən və torpaq uğrunda mübarizədən döndərə bilməz.