Ələddin Əzimli : - BU YAZ

Sən mənim yolumda yanar çıraqsan,
Söylə, bu səfərə çıxım,çıxmayım?
Bəıkə, məndən ötrü darıxacaqsan,
Bilmirəm sözünə baxım, baxmayım?
Qartallar qıy vurub çağırır məni,
Gəzmək istəyirəm çölü, çəməni,
Qoy mən də söyləyim ürək deyəni:
Uca zirvələrə qalxım, qalxmayım?
Meşədə haxladı məni gur yağış,
Ay palıd, bir dillən, özündən danış,
Sən də qəm eləmə, küsmüsən barış,
Qoşulub bu çaya axım, axmayım?
Zaman nə yeyinmiş, vaxt gəldi çatdı,
Ay girdi buluda, yox oldu batdı,
İncimə sən Allah, bu da həyatdır,
Sizlərçün mən necə, de darıxmayım?
Evə necə dönüm bu gözəl dağdan,
Min bir rəngə çalan sirli yaylaqdan,
Bir fikir qəlbimi didir bayaqdan:
Dönüb ildırıma çaxım, çaxmayım?!...