Sərvanə DAĞTUMAS,ədəbiyyatşünas: - MÖVLUD MÖVLUDUN “TEATRAL” HEKAYƏSİNDƏ HƏYATİ TEATRIN VƏ YA TEATRAL HƏYATIN PSİXOLOJİ-FƏLSƏFİ QATLARI

Müasir Azərbaycan ədəbiyyatının nümayəndəsi gənc yazıçı Mövlud Mövlud bir neçə şeir və hekayə müəllifdir. O, “Yanaqda donmuş göz yaşı”, “Töhmət”, “Tasa”, “Qara bayram”, “Modern şair”, ”Gecə qonağı”, “Çətirsiz” kimi bir sıra hekayələrin müəllifidir. Həyatı ilə 28 yaşında sağollaşan, faciəvi şəkildə dünyasını dəyişən mərhum yazıçımız yaddaqalan ədəbi ömür keçirdi. Mövlud Mövludun yaradıcılığında diqqətimizi çəkən nümunələrdən biri də “Teatral” hekayəsidir.
“Teatral” hekayəsində teatr aşiqi və həvəskarı olan bir gəncin dəyər problemi, mənəvi-ruhi konflikləri və həyatla sənət arasında çəkilən incə sərhədlərdən bəhs olunur. Hekayə sosial-psixoloji janrda, şüur axını formasında yazılıb. Hekayədə hadisələr baş qəhrəmanın dilindən verilir. Hadisələr iki məkanda (teatr və məclisin təşkil olunduğu ev) və bir günün ərzində cərəyan edir. Hekayəni oxuduqca zaman hiss olunmur, zaman axıcıdır. Əsərin vahid sujet xətti var. Baş qəhrəman təhkiyəçi-müəllifdir.
Müəllifin nitqi harada önəmlidir? Haradakı müəllif ondan kənar olan, ona bənzəməyən insanları (özünü üstün və ya aşağı səviyyədə görür) və həyatı təsvir edirsə, orada önəmlidir. Burada artıq müəllif təhkiyəçiyə çevrilir, özünəməxsus şeyləri bura qatmır, həyatı olduğu kimi kənardan baxaraq, təsvir edir. “Oxucudan daha çox etimad qazanmaq və onun yaradıcı ideyasını üzə çıxarmaq üçün yazıçının (müəllifin) fikir və baxışları bədii əsərdə baş verən hadisələrin şahidi olduğu üçün çox vaxt dastançı və ya hekayəçinin bədənində gizlənir. Buna görə də oxucular onlara inanır. Bəlkə də məhz bu inam sayəsində müəlliflə oxucu arasında yaradıcılıq aktı yaranır!”.
Təhkiyəçi-müəllifin (teatral gəncin) şüur axını formasında nəql etdiyi hadisələr pərəstiş etdiyi “qəhrəmanı”nın fonunda onun daxili müharibələri və ekzistensial böhranlarını ifadə edir. Təhkiyəçi həm danışır, həm müşahidə edir, həm də mövqeyini bildirir. Adı qeyd olunmayan baş qəhrəman teatrda bir gənclə qarşılaşır, onu izləyir, alicənab, mədəni, intellektual biri olduğunu güman edir. Gəncin digər bir gənc haqqında (24-25 yaşlı) düşündüyü fikirlər isə əsərin finalında ona xəyal qırıqlığı yaşadır.
Mövlud Mövludun “Teatral” hekayəsində gənc ilk növbədə onun xarici görünüşünə heyranlığını bildirir. (uzunboylu, qıvrımsaç, topsaqqal) Bu, gəncin ona olan pərəstişkarını əks etdirir. Baş qəhrəman diqqətli müşahidəçidir. Teatra “gedən" şəxsin əsl məqsədi çirkin bir niyyət olduğu halda, digər gəncin-teatralın məqsədi öz biliyini genişləndirmək, yeni insanlarla tanış olaraq, biliyinə bilik qatmaq idi. Sanki gəncin daxilindəki boşluq, daxili konfliklər, kommunikativ çatışmazlıq onun tanımadığı adamı-İbrahimi ideallaşdırmasına, gözündə böyütməsinə təkan verir, onunla ünsiyyətə can atır, “dostlaşır”. “Mənə elə gəlirdi ki, ən yaxşı teatr bilicisidir. Məndə əsl intelligent təsəvvürü yaratmışdı”.
Gənc özünü o qədər aşağıda görür ki, özünə olan inamını itirib, özünə münasibəti destruktiv təsir bağışlayır: “Doğrusu onun rusdilli olmasından, yaxud mənim kimi eşşəklərlə söhbət etmək istəməməsindən çəkinirdim”. (natamamlıq kompleksi).
Biz İbrahimin dilindən az fikirləri eşitsək də, buradan ən azından onun xarakteri və şəxsiyyəti haqqında nəticə çıxarda bilirik. Özkeçmişini bilmirik, amma gələcəyi ilə bağlı bir həyat xəritəsi “çəkə bilərik”. Adsız gəncimiz (bəlkə də özünü “şəxsiyyətsiz” hesab etdiyi üçün təqdimata ehtiyac duymayıb) daxilən özündə boşluq hiss edir, bu boşluğu “ideal ovuna” çıxaraq doldurmaq istəyir. Şair Səlim Babullaoğlu şeirlərinin birində yazır: “Həyat bir nəfərlə azalmazsa da, bir nəfərdə mütləq az olar”. Bu fikir hekayədəki obrazların həyat yolu ilə səsləşir. Natamamlıq kompleksindən əziyyət çəkən teatral özünə qarşı dəyərsizlik hissini təsdiq etmək, özünün doğurdan “eşşək” olduğunu (şüuraltı olaraq belə düşünür) özünə “sübut etmək” üçün İbrahimi hədəf alır və bununla da basdırdığı dəyərsizlik duyğusunu tətmin edir, “qidalandırır”. “Aşağılık kompleksi, bireyin kendisini başkalarından daha yetersiz, değersiz veya düşük hissetmesi durumudur. Bu psikolojik durum, kişinin özsaygısını olumsuz etkileyerek sosyal ilişkilerde, akademik hayatta ve mesleki yaşamda sorunlara yol açabilir. Genellikle çocukluk dönemindeki olumsuz deneyimler, yargılayıcı tutumlar veya sürekli eleştirilme bu kompleksin oluşmasında etkili olur”. (https://www.acibadem.com.tr/hayat/asagilik-kompleksi/ )
Sanki İbrahim burada həm “ovçu”, həm də “şikar”dır. Qəhrəmanımız özünü sübut və təsdiq etmək ehtiyacı duyur, tanımadığı şəxsin onu qiymətləndirməsini istəyir, sanki bu dünyada ancaq İbrahimdən asılıdır. Niyə məhz İbrahim onun qarşısına çıxıb? Bu, təsadüf deyil. Ö, özü İbrahimi maqnit kimi özünə çəkib. İbrahim olmasa, ona dəyər verən olmayacaq. İbrahimin verdiyi qiymət teatral gənc üçün çox önəmlidir. “Özümü savadlı göstərmək istəyirdim”.
Gənc bu fikri ilə həm də cəmiyyətdə olan sosial və mədəni fərqlərə diqqət çəkir. İbrahimin kim olduğu anlayan gənc öz kimliyini dərk edir. İbrahim sanki burada “güzgü” rolunu (metafora) oynayır. Teatral gənc öz daxili dünyasına boylanmalı, özünə dəyər verməli idi. Görünür, o, özünü unudub, həyat “qazanında” öz şəxsiyyətini, “məhdud və dar” qiymətləndirdiyi biliklərini “əridib”. Qəhrəmanımız irrasional davranışları ilə özünü kiçiltdikcə, İbrahimi gözündə “böyüdür”. “Get-gedə bu adama heyran olurdum”. Çünki qəhrəmanımızın özgüvən problemi var, özünün heyranedici tərəflərini görmür, bəlkə də onun dünyasında bu tərəflərə yer “yoxdur”.
Teatr sevdalımız İbrahimlə bir məclisin təşkil olunduğu evdə qarşılaşır. Onunla ünsiyyətə can atıb belə “ideal və mədəni” adamdan çox şey öyrənə biləcəyini düşünür. “Mən teatr həvəskarı deyiləm”.
Teatr aşiqi olan bu tutqulu gənc İbrahimi təvazökar zənn edir, hələ də son dəfə “mübarizə aparır”. İbrahimin “ideal” şəxsiyyət (ümumiyyətlə “şəxsiyyət” demək olarmı?) olması haqqındakı düşüncə mifi qısa zamanda dağılır, kulminasiya yaşanır. “...Ayə, bilersənmi, mən ora niyə gedirəm? Orda bir aktiriska varee, Könül Ibrahımlı”.
İbrahimin həyatı səthi, çürük və bəsit məqsədlərdən ibarətdir. O, “parazit” həyatı yaşayır. İbrahim teatra əyləncə, tanışlıq vasitəsi kimi baxır, öz “rolunu” çox gözəl “ifa edir”. Onun “həyat qazanı”nda acizlik, mənəviyyatsızlıq, xaraktersizlik, mədəniyyətsizlik “qaynayır”. Kişi aktrisa ilə tanış olmaq, başqa cür desək “qadını əldə etmək” üçün bilet alır, teatrı izləməyə özünü məcbur edir, yəni özünü mədəni, teatral göstərir. İbrahim toplum üçün bir imic, bir tipaj çizir, bir obraz yaradır, öz dünyasında bir “teatr” yaradır. O, səhnəyə “çıxır” və öz həyatının “teatrında” “rolunu oynayır”. (“daxili teatr” və ya teatral həyat) İbrahim özünü bu cür təqdim edir, çünki niyyətini reallaşdırmaq üçün bu cür davranmağa məcburdur. Nə üçün məcburdur? Bunu dəqiq deyə bilmirik. Bəlkə də narsistdir, bəlkə də o da natamamlıq kompleksindən əzyyət çəkir, uşaqlıqda aldığı travmalardan, yaşadığı neqativ təcrübələrindən yaratmaq, özünü sübut etmək və özünü kimlərəsə təsdiq etmək ehtiyacı duyur. Bu haqda İbrahimin dilindən çox sitatlar gətirilmədiyi, müəllif bizə onun haqqında çox bəhs etmədiyi üçün detallı məlumatı paylaşa bilmirik. İbrahim həyatda məqsədlərindən ötrü özünü mədəni göstərmək, kimisə əldə etmək üçün irreal xarakter öz “teatrını” yaradır və bu obrazı ilə bəlkə də başqa çirkin niyyətlərinə də nail olur. Burada “qadını əldə etmək” sadəcə bir detaldır. Elə insanlar da var ki, teatrda öz həyatını yaşayır, öz rolunu oynayır, hisslərini daha gözəl ifadə edir. Məsələn, “Dorian Qreyin portreti”ndəki Sibil kimi.
Biz hesab edirik ki, “Teatr” hekayəsi modernizm cərəyanında yazılıb. Şüur axını metodundan istifadə edən yazıçı hekayədə qəhrəmanın duyğuları və hisslərini ön planda saxlayır, qəhrəmanın ekzistensial böhranları və daxili konfliktlərini ifadə edir. Hekayəni oxuyarkən zaman hiss olunmur, reallıqla illüziya arasında uçurum var. Modernist yazıçı yaradıcıdır, təkrarçılığa yol vermir və yeni dünya yaradırlar. Professor Qorxmaz Quliyev “Ədəbi istiqamətlər və cərəyanlar” kitabında yazır: “Postmodernistlərdən fərqli olaraq, modernistlər yaradıcı haqqında romantik təsəvvürlərdən çıxış edirlər, dünyanın hadisə və nəsnələrindən istifadə edib yeni dünya yaradırlar..”.
Mərhum yazıçımız Mövlud Mövludun “Teatral” hekayəsi insanların xarici görünüşləri ilə daxili görünüşləri və davranışları arasındakı paradoksallığı göstərir. İbrahimin özü ilə teatra gətirdiyi köhnəlmiş çantası onun sosial statusu və həyat tərzinin simvoludur. Köhnəlmiş çanta idealın dağılması və illüziyanın arxasındakı reallığı ifadə edir. İbrahim teatra çanta ilə gələrək, bəlkə də öz sosial-psixoloji maskasını çantasında gizlətməyə çalışır. “Dişlərinin mırıx olduğunu indi görürdüm”. Artıq həmin şəxs ideal bir obraz kimi gözündən düşür, xəyal qırıqlığı yaşayır. Kişinin hər hansı bir “qüsurunu” (dişlərindəki əskiklik- mırıxlıq) aydın şəkildə hiss edir. Burada “mırıxlıq” həm də İbrahimin şəxsiyyətindəki, xarakterindəki qüsurun, əskikliyin, saxtakarlığın simvoludur.
Bizim fikrimizcə, iki gəncin teatrda qarşılaşması təsadüfi deyil. Teatr mikromühitdir, səhnənin, tamaşanın evidir. Burada sünilik və rol var. Teatr həyatın simvoludur. Gənc bu əsərdə İbrahimin yaratdığı “teatr” vasitəsilə həyatın acı gerçəkləri ilə üzləşir. Hekayədə həyatla sənət arasındakı sərhədlər pozulur. (həyati teatr) Gəncin ideal hesab etdiyi şəxs onun həm də “müəllimi” olur. Onu, öz “mən”i ilə üzləşdirir. Həyatda “İbrahim”lər çoxdur. İbrahim bugün teatraldır, sabah Hacı Qara, o biri gün Dorian Qrey. Bəs sən niyə belə bir insanla tanış olmaq istəyir, onun qiymətinə ehtiyac duyursan? Sənin hansı boşluğun, hansı əskikliyin var ki o adam məhz sənin qarşına çıxıb? Həyat realdır, çoxqatlıdır. Həyat dənizdir, yaxşı üzgüçü olmağa məcbursan.