Sona  Vəliyeva - SƏN MƏNİ UNUDA BİLMƏZSƏN

Ədəbiyyat 09:21 / 07.07.2026 Baxış sayı: 425

(İlhamə Quliyeva “Sən məni unuda bilməzsən”i oxuyurdu...)

 

Məni unutmağa gücün yetərmi?

Mən bir az dənizəm, bir az torpağam.

Gözünə, qəlbinə elə köçmüşəm,

Ölüb getsəm belə, görərsən sağam.

 

Sükut qəm nəğməsin, elə bəstələr,

Sızladar ömürdən olub qalanı.

Məni unutmağı asan biləndə,

Bürüyər ömrünü qəm ərməğanı.

 

Getmək istəyərsən, baxıb görərsən,

Yollar heca-heca, qırıq-qırıqdı,

Baş aça bilməzsən özün özündən,

Görərsən ömrünü “mən” qarışıqdı.

 

Sual da, cavab da içindən başlar,

Mən harda, sən harda çaşıb qalarsan.

Kimdi kimdən gedən, suallar donar,

Görərsən lap çoxdan sən mən olmusan.

 

Unutmağı belə asanmı sandın,

Qəmimdən yağışlar, sel, daşqın olar

Demişdim dənizəm, dalğalarımdan,

Həsrət qasırğası, yolunu bağlar.

 

Gedə bilərsənsə, zalım yolları,

Sən də dönük üzlə başla, çıxıb get.

Ruhumda ruhunun həsrət naxışı,

Ağrıyan kədəri topla, yığıb get.

 

Unutmağı belə asanmı sandın,

Ömrün yaddaş yeri, yara göynəyi.

Xatirə ilğımı hər pərdəsində,

Qaytarar ömrünə qəm kökləməyi.

 

Min il bundan əvvəl, min il də sonra,

Kim sevib, unuda bilibsə desin.

Yer, göy yaşındasa vəfa, etibar,

Lüğətdən unutmaq sözü silinsin!