Ramiz Qusarçaylı - Toy

Ədəbiyyat 09:41 / 07.07.2026 Baxış sayı: 433

 

Nişanlısının Lələtəpə döyüşlərində şəhid olduğunu

toyda eşidən qız “ölənəcən” oynadı...

 

O qız toyda ölənəcən oynadı,

Ayaqları gülənəcən oynadı,

Toyu toydan silənəcən oynadı...

 

O gün toyda toy havası yoxuydu,

Gəlin ətri,

bəy havası yoxuydu,

Üşüyürdü toyun canı o axşam

Gün havası, Ay havası yoxuydu...

O qız toyda oynamırdı, uçurdu,

Hörükləri buludları qucurdu...

Gözlərində son baxışın göynəyi,

Qollarında son görüşün havası,

Qoxladığı qan xınalı köynəyin

Yaxasında kor sevdanın yuvası,

Eşqi viran, dərdi puçur-puçurdu,

O qız toyda oynamırdı, uçurdu...

Qara zurna dağ çəkirdi zilə,

dağ,

Qələbəyə susamışdı Lələdağ,

Savaş yeri, cəng yeriydi hər daşı

Ermənilər görməmişdi belə dağ...

Gör o toyda qarğılı ney neynədi,

Zilində Yer,

bəmində Göy göynədi...

Xarı bülbül namus yeri, göynədi,

Cıdır düzü qisas yeri, göynədi,

Daşaltıda casus yeri göynədi...

O yurd gecə yarıyacan oynadı,

Çəpərindən barıyacan oynadı,

Şan-şan oldu yaşıl-yaşıl ümidlər

Çiçəyindən arıyacan oynadı...

Ağır-ağır qaralırdı buludlar,

Fağır-fağır saralırdı göy otlar,

Mağar-mağar darılırdı elatlar...

Qurd çölündə çadır yeri oynadı,

Güləbirddə abır yeri oynadı,

Gülablıda qəbir yeri oynadı,

Dözüm yeri, səbir yeri oynadı...

Hara baxır toy yiyəsi, hardadı,

Harda yatıb öy yiyəsi, hardadı,

Yer yiyəsi,

Göy yiyəsi hardadı...

Kim o qızı saxlayacaq bu axşam,

Kim o toyu ağlayacaq bu axşam,

Alın toyu,

alın qızın əlindən,

Çalın toyu,

çalın qızın əlindən,

Uzun-uzun hörükləri pərişan

Ayaqları yalın qızın əlindən...

O qız toyun vayınacan oynadı,

Toy tutduğu oyunacan oynadı,

Əzib-əzib dabanıyla gecəni

Cecəsindən suyunacan oynadı...

Toy xonçası şamınacan ağladı,

Toy güzgüsü camınacan ağladı,

Həyətdəki tabut boyda daxmanın

Divarından damınacan ağladı...

O qız toyda ölənəcən oynadı,

Ayaqları gülənəcən oynadı,

Toyu toydan silənəcən oynadı...

Hara baxır toy yiyəsi, hardadı,

Harda yatıb öy yiyəsi, hardadı,

Yer yiyəsi,

Göy yiyəsi hardadı...

Kim o qızı saxlayacaq bu axşam,

Kim o toyu ağlayacaq bu axşam...

2017