Sevinc Qərib : - Qəfil unuduram hər şeyi,
***
Qəfil unuduram hər şeyi,
yadımdan çıxır əşyaların adı,
beynim soyunur yaddaş əynini,
qaçır ağzımın xatirə dadı...
Qəfil unuduram harda olduğumu,
küçələr, döngələr yadlaşır mənə,
xatırlamıram nə vaxt doğulduğumu
nə vaxt böyüdüyüm yadıma gəlmir,
nə vaxt uşaq idim unutdum yenə...
Nədisə bu ad da yaddı, ögeydi,
özgədən borc alıb veriblər mənə.
Uzaqların əli hafizəmin divarlarında
sökür yaddaşımı insafsızca
unuduram... hər şeyi.
Üzü dünənədi kövrək xatirələrin,
indi şəkilsizdi yaşadıqlarım.
boşluğa sürünür könlümdəki səs
soyuyur əllərimin nəfəsi
bu mən o mənlə vidalaşır...