Sevinc Qərib - Çox darıxıram axı

Ədəbiyyat 12:30 / 05.10.2026 Baxış sayı: 497

 

* * *

..qəfil əllərin düşür yadıma..,

saçlarım göynəyir,

əllərim yazıqlaşır,

susdura bilmirəm

içimdəki naləni...

qəfil gülüşünü eşidirəm

nəfəsin hopan divarlar arasından,

bir yanğı sökür ciyərimi.

ruhumun harayından

inləyir kimsəsiz evimiz...

qəfil xatirələr karvana dönür,

səhra gözlərimdən dünən boylanır.

çəkilir baxışım uzağa sarı,

yenə var olursan gözüm önündə,

yenə qulağımda mehriban səsin…

qəfil diksinirəm bir zəng səsinə,

xəyalın dumantək göyə sovrulur.

atamdı zəng edən deyirəm yəqin,

başqa kim darıxar bu gecə vaxtı...

qəfil telefonun gözümə dəyir,

qəfil ayılıram şirin yuxudan.

qəfil yoxluğunu xatırlayıram,

köksümə bir ağrı saplanır, Ata…