Aləmzər Sadıqqızı - Özümə...
Söylə görüm hansı yolnan gəlmisən?
Gedim o yolların qadasın alım.
Əlini qoymusan ürəyin üstə,
Gəl öpüm könlünün yarasın sarım...
Xətrinə kim dəyib mələk ürəklim?
Də görüm gözündən axan sel nədir?
Sən sevgi bilmirdin axı əzizim,
Bəs indi konlünü nələr göynədir?
Tutsam əllərindən bassam bağrıma,
Neyləyər könlünün karıxan yeri?
Diz çöksəm qarşında bağışla desəm...
Dönərmi ömrünün darıxan yeri...?
Yumsam gözlərimi qəlbinə baxsam,
Güzgüdə görünən səni unutsam...
İçində ağlayan qızı ovudub,
Ömrün əvvəlinə geri qayıtsam...
Dönəkmi ay Aləm, ötən illərə?
Təzədən ağlayaq, təzədən gülək...
Mən səni ömrümə gəlin gətirim,
Birlikdə yaşayaq, birlikdə ölək...
2.10.2025