Sevil Azadqızı  -  Dəyər və Nankorluq

YAZARLAR 10:29 / 19.05.2026 Baxış sayı: 654

 

İnsan ruhunun ən böyük paradoksu bəlkə də budur: ən dərin yaraları hər zaman ən təmiz niyyətlərimizdən alırıq. Həyatı geriyə doğru vərəqləyəndə fərqinə varırsan ki, ən böyük peşmançılığın etdiyin səhvlər deyil, səhv insanlar üçün israrla etdiyin doğrular olub. Hörmətə, sevgiyə layiq olmayan bir qəlbə təmənnasız dəyər yükləmək, suları qum üzərinə yazmaq kimidir; nə izi qalar, nə səmərəsi.

Balzakın o dahi kəlamı sanki əsrlərin o tayından bu günümüzün divarlarına qanla yazılıb: "İnsanlara, onları sizə nankorluq etməyə məcbur qoyacaq qədər böyük yaxşılıq etməyin". Bu cümlə sadəcə bir xəbərdarlıq deyil, insan psixologiyasının ən çılpaq həqiqətidir. Bəzən birinə etdiyimiz hədsiz yaxşılıq, onun çiyinlərinə dözə bilməyəcəyi bir minnət yükü qoyur. O yükün altında əzilən aciz eqo isə xilas yolunu nankorluqda, sənə zərbə vurmaqda tapır. Sənin ucalığın onun kiçikliyini xatırlatdığı üçün, ilk fürsətdə səni öz səviyyəsinə endirməyə çalışır.

Təəssüf ki, bəzi insanları tanıdıqca heyran, bəzilərini isə tanıdıqca peşman olursan. Kaş ki, insanlar uzaqdan göründükləri qədər mükəmməl, danışdıqları qədər dürüst, maskalandıqları qədər səmimi olaydılar. Mələk cildinə girmiş şeytanlar dürüstlüyümüzü bir zəiflik xəritəsi kimi oxuyur, sadəliyimizdən istifadə edib ocağımızın düz başına, ailəmizin içinə qədər yol tapırlar. Sənin qonaqpərvərliyini, süfrənin bərəkətini öz mənfəətləri üçün bir pilləkən edirlər. Və ən ağır zərbəni də elə onlar vurur – çörəyini kəsənlər, duzunu dadanlar.

Ancaq bu ağrılı təcrübə insana bir müdriklik də qazandırır: elədiyin yaxşılığın dəyərini bilməyən, səni anlamayan biri üçün mübarizə aparmağa dəyməz. Onları layiq olduqları o kiçik dünyalarıyla, özləri kimi insanlarla baş-başa buraxmaq ən böyük cəzadır. Artıq insanları tanımaq üçün özümü yormuram. Çünki zaman ən dürüst hakimdir; o, maskaları heç vaxt sevməz və günü gələndə hər kəsə öz kimliyini mütləq tanıdar.

Qəlbimi qıranlara, saf niyyətimi sui-istifadə edənlərə qarşı artıq susmağı öyrənmişəm. Bu susqunluq bir acizlik deyil, əksinə, cavabı İlahi Ədalətə həvalə etməyin fəlsəfi sakitliyidir. Çünki həyat bir bumeranqdır. Kim kimə nə yaşadıbsa, hansı ağrını bəxş edibsə, sonda mütləq eyni nöqtəyə – özünə qayıdacaq. Kimsənin etdiyi yanına qalmır, sadəcə növbəsini gözləyir.

Sonda bu sınaqlardan keçmiş bir qəlbin sahibi kimi dostlarıma yeganə tövsiyəm budur: yaxından tanımadığınız, sınaqdan çıxarmadığınız heç kəsə evinizin içinə, ruhunuzun dərinliyinə bələd olmaq üçün şərait yaratmayın. Çünki belələri ocağınıza bəla gətirirlər. O mələk cildi cırılıb, altındakı əsl eybəcər üz üzə çıxanda artıq çox gec olur. Və nə yazıq ki, sonrakı peşmançılıq itirilən güvəni geri gətirməyə fayda vermir. Şəffaf olun, amma müdafiəsiz olmayın, çünki bu dünyada təmiz qalmağın yolu, qapını hər döyənə açmamaqdan keçir.